Milyonluq villalar, paytaxtın ən bahalı ərazilərində yerləşən mənzillər, dəbdəbəli avtomobillər, ticarət obyektləri, hətta xarici ölkələrdə alınmış daşınmaz əmlaklar...
Azərbaycanda korrupsiya, rüşvətxorluq və mənimsəmə cinayətlərinə görə məhkum edilmiş bir sıra sabiq məmurlar azadlıqları ilə yanaşı, böyük sərvətlərini də itiriblər.
Bəs indiyədək hansı sabiq məmurun daha çox əmlakı müsadirə olunub? Məhkəmə qərarı ilə dövlət nəfinə alınan milyonluq mülklərin sonrakı taleyi necə olur?
Lent.az açıq mənbələrdə yayımlanan məhkəmə qərarları və hərrac məlumatları əsasında araşdırma aparıb.
Akif Çovdarov – 30 milyon manatlıq sərvət
Araşdırılan və məbləği açıqlanan ən böyük müsadirə qərarlarından biri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generalı Akif Çovdarovla bağlıdır.
2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən sabiq generalın təxminən 30 milyon manatlıq əmlakının müsadirəsinə qərar verilib.
Əmlaklar arasında yaşayış evləri, torpaq sahələri və Bakının məşhur “8-ci kilometr bazarı” da olub.
Akif Çovdarov 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılsa da, əmlakları uğrunda məhkəmə mübarizəsi davam edib.
2022-ci ildə həmin əmlakların geri qaytarılması barədə qərar çıxarılıb. Lakin sonradan bu qərar dəyişdirilib. 2024-cü il aprelin 17-də Ali Məhkəmə müsadirə qərarını qüvvədə saxlayıb.
Səlim Müslümov – 20 milyon manatlıq əmlak
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi də müsadirə edilən sərvətin böyüklüyü ilə diqqət çəkib.
27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən keçmiş nazirin ümumilikdə 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.
2026-cı ildə həmin əmlakların bir hissəsi açıq hərrac vasitəsilə satışa çıxarılıb.
Bu işin maraqlı tərəflərindən biri də milyonlarla manat dəyərində qiymətləndirilən daşınmaz əmlaklara alıcı tapılmasının asan olmamasıdır. Keçmiş nazirin bəzi mənzilləri təkrar hərraclara çıxarılıb.
Mövlam Şıxəliyev – 7,7 milyon manatlıq mülklər
MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev 2022-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə hökmü ilə onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş təxminən 7,7 milyon manatlıq əmlakın müsadirəsinə qərar verilib.
Müsadirə siyahısında Bakının Bülbül prospektində yerləşən bahalı mənzillər, Nərimanov rayonunda 1 milyon 452 min manatlıq daşınmaz əmlak, Novxanıdakı bağ evi və digər mülklər yer alıb.
Sonrakı dövrdə həmin əmlakların bir hissəsi hərraca çıxarılıb.
Vilyam Hacıyev – 2,7 milyonluq bağ evi
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi zamanı 5 milyon 344 min manatlıq əmlakın müsadirəsinə qərar verilib.
Müsadirə siyahısındakı ən diqqətçəkən mülklərdən biri Nardaranda yerləşən 2,7 milyon manatlıq bağ evi olub.
Bundan başqa, Bakının “Milyonçular məhəlləsi” kimi tanınan ərazisində 1,8 milyon manatlıq ev, Xırdalanda dörd mənzil, “Bentley” və BMW markalı avtomobillər də siyahıda yer alıb.
İslam Rzayevin 3 milyonluq əmlakının taleyi necə olacaq?
Noyabrın 25-də Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin təxminən 3 milyon manatlıq əmlakı üzərinə həbs qoyulduğu açıqlanıb.
Lakin əmlak üzərinə həbs qoyulması onun müsadirə edilməsi demək deyil. Əmlakın yekun taleyi məhkəmə qərarından asılıdır.
Məmurların müsadirə edilən sərvətləri hara gedir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak və həmin əmlakdan götürülmüş gəlirlər qanunla müəyyənləşdirilən qaydada xüsusi müsadirə oluna bilər.
Müsadirə edilmiş mülklər dövlət nəfinə keçirilə və hərrac vasitəsilə satıla bilər.
Bununla belə, əmlakın ilkin qiymətləndirilmiş dəyəri onun satışından dövlətə faktiki daxil olan məbləğlə həmişə eyni olmur.
İsmayıl Vəliyev – 12 əmlakı müsadirə edilən icra başçısı
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 12 əmlakının xüsusi müsadirəsinə qərar verib.
Siyahıda Bakı və Gəncədə yerləşən mənzillər, fərdi yaşayış evi, qeyri-yaşayış sahələri, Qobustandakı əmlak kompleksi və digər obyektlər yer alıb. Müsadirə olunan əmlakların ümumi dəyəri barədə dəqiq məlumat açıqlanmayıb.
Nizaməddin Quliyev – Ölümündən sonra əmlakları müsadirə edildi
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev mənimsəmə və rüşvət alma cinayətlərinə görə məhkum edilib. Onun həbsdə vəfat etməsindən sonra əmlakları ilə bağlı məhkəmə mübahisələri davam edib.
Əvvəlcə müsadirədən azad edilən əmlakların prokurorun protestindən sonra yenidən müsadirəsinə qərar verilib. Mətbuatda həmin əmlakların ümumi dəyərinin təxminən 600 min manat olduğu bildirilib.
Vüqar Səfərli – 12 əmlakdan dördünü geri qaytara bildi
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə 12 əmlakı müsadirə edilib.
Lakin 2024-cü ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi həmin əmlaklardan dördünün müsadirədən azad olunmasına qərar verib. Bundan sonra sabiq fond rəhbəri digər səkkiz əmlakının da geri qaytarılması üçün məhkəməyə müraciət edib.
Fuad Məmmədov – Generalın bağ evi və avtomobilləri
Müdafiə Nazirliyinin sabiq general-leytenantı Fuad Məmmədovun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər əmlakları dövlət nəfinə müsadirə edilib.
Cinayət işi üzrə 15 milyon manatlıq mənimsəmə epizodu olsa da, müsadirə edilən əmlakların ümumi dəyərinin nə qədər olduğu dəqiqləşdirilməyib.