Mayalanma günü uşağın inkişafına  necə təsir edir? - Yay, yoxsa qış
04 noyabr 2025 11:11 (UTC +04:00)

Mayalanma günü uşağın inkişafına necə təsir edir? - Yay, yoxsa qış

0

Alimlər bildirirlər ki, uşağın hansı mövsümdə və hansı dövrdə dünyaya gəlməsi onun sağlamlığına, fiziki inkişafına və hətta həyatdakı nailiyyətlərinə təsir edə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, elmi sübutlar göstərir ki, hamiləliyin başlanma vaxtı və doğum tarixi gələcək nəsillərin metabolizmasından tutmuş idman və akademik nailiyyətlərinə qədər mühüm rol oynayır.

Tokio Universitetinin yeni tədqiqatı göstərib ki, insanın metabolizmasının xüsusiyyətləri onun nə vaxt mayalandığı ilə əlaqəli ola bilər.

Soyuq mövsümdə mayalananların üstünlüyü

Araşdırmaya görə, 17 oktyabr – 15 aprel tarixləri arasında,yəni soyuq dövrdə mayalanan insanlar daha aktiv “qəhvəyi yağ toxumasına” malik olurlar. Bu toxuma bədən istiliyini tənzimləyir, qan şəkərini balansda saxlayır və kalori sərfini artırır.

Bu dövrdə doğulan uşaqlarda daha aşağı bədən kütlə indeksi, daha az visseral yağ və daha yüksək enerji sərfiyyatı müşahidə olunur ki, bu da güclü metabolik sağlamlığın göstəricisidir.

Tədqiqatın rəhbəri professor Takeşi Yoneşiro qeyd edib ki, valideynlərin mayalanmadan əvvəl hansı mühitdə və şəraitdə yaşaması gələcək uşaqların metabolizmasına təsir edə bilər.

Bu nəticələr həmçinin heyvanlar üzərində aparılan təcrübələrlə də təsdiqlənib.

Kembric Universitetinin uzunmüddətli araşdırması göstərib ki, yayda doğulan uşaqlar bir qədər daha ağır doğulur, böyüdükdə daha hündür olur və cinsi yetkinliyə gec çatırlar. Bunlar isə ümumi sağlamlıq üçün müsbət göstəricilərdir.

Eyni zamanda, epidemioloq Ken Ong vurğulayır ki, ananın sağlamlığı yalnız hamiləlik zamanı deyil, ondan əvvəl də gələcək övladların sağlamlığına güclü təsir göstərir.

Risklərin artdığı aylar

Oulu Universitetinin araşdırmasına görə, yanvar–fevral aylarında mayalanan uşaqlarda xüsusilə süd və yumurtaya qarşı qida allergiyası riski daha yüksəkdir. Təxminən 11 faiz. Sentyabr–oktyabrda mayalananlarda bu göstərici təxminən 6 faizdir.

Alimlər bunu hamiləliyin 11-ci həftəsində immun sisteminin formalaşdığı kritik mərhələdə havadakı allergenlərin təsiri ilə izah edirlər.

Doğum tarixi və idman/oxu uğurları

Maraqlıdır ki, hətta idman və təhsil sahəsindəki nailiyyətlər də doğum ayı ilə əlaqələndirilir. Strathclyde Universitetinin tədqiqatına əsasən, Avropa futbol çempionatında iştirak edən oyunçular arasında yanvar ayında doğulanlar dekabrda doğulanlardan daha çoxdur.

Bu, “nisbi yaş effekti” kimi tanınır. Tədris və idman ilinin əvvəlində doğulan uşaqlar həmyaşıdlarından bir neçə ay böyük olur, daha güclü və inkişaf etmiş görünürlər və bu, onların seçilməsinə üstünlük yaradır. Bu fenomen ilk dəfə 1983-cü ildə gənc xokkeyçilərdə müəyyən edilib.

Nəticə nədir?

Elm adamları bildirirlər ki, bu məlumatları “ideal doğum vaxtı” seçmək üçün məsləhət kimi qəbul etmək olmaz. Məqsəd fəsillərin və ətraf mühitin insan inkişafına necə təsir etdiyini daha yaxşı anlamaqdır.

Başqa sözlə, doğum ayı bəzi tendensiyalara işarə edə bilər, amma uşağın sağlamlığı və gələcək həyatına ən böyük təsir sağlam hamiləlik, düzgün qidalanma və təhlükəsiz mühitdən keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar