Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan "AZENCO"nun (Azərbaycan Enerji Tikinti Quraşdırma ASC) sabiq rəhbəri Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə "AZENCO”nun nümayəndəsi prosesin qapalı keçirilməsini məhkəmədən istəyib. Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsinə əsas görmədiklərini deyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra şahid qismində “AZENCO”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev tərəflərin suallarını cavablandırıb. O bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyıb:
"Məni Vüqar Əliyev işə götürüb, əmrimi o imzalayıb. İş funksiyam şirkəti idarə etmək, gündəlik olaraq işçiləri, şöbələri, sahədə görülən işləri idarə etmək idi. Texniki avadanlıqların alınması ilə bağlı rəsmi sənədlərin hazırlanmasında birbaşa əlaqəm olmasa da, müqavilələri görmüşəm. Tikintiləri apararkən materialların müəyyən xərcləri çıxarılırdı, hamısını köçürmə müqaviləsi əsasında olurdu. 2025-ci ilə qədər şifahi olaraq Vüqar Əliyevə xərclərlə bağlı demişəm. Onun səlahiyyətlərinə görə heç kim ona xəbərdarlıq edə bilməzdi. İnzibati işləri idarə etsəm də, maliyyə məsələlərinə mən baxmırdım. "AZENCO" "Nur" MMC-yə tabe idi, amma rəhbərliyin kim olduğunu bilmirəm. Etibar Piriyev energetika sahəsində müşavir olub. 3 mart 2025-ci ildə şirkətdə mənim sədrliyimlə komissiya yarandı. Pulun Vüqar Əliyevin mənimsədiyi qeyd olundu. Rəhbər olaraq göstərişləri Hafiz Seyidovdan alırdıq. Özbəkistan layihəsi üzrə şifahi olaraq lahiyəyə daxil olarsaq, ziyana uğrayacağımız barədə əvvəlcədən xəbərdarlıq etmişdim".
Növbəti proses 16 noyabr saat 15:00-a təyin olunub.
İttihama əsasən, söhbət 3 milyon manatdan artıq vəsaitdən gedir. Lakin hansı layihə və ya müqavilə üzrə mənimsəmə olduğu açıqlanmır.
Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, bu əməl 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
Vüqar Əliyev 2022–2023-cü illərdə AZENCO-nun İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevin dövründə "AZENCO"nun bu quruma bağlı olduğu bildirilirdi. Həmin dövrdə "AZENCO" Azərbaycanda nəhəng enerji infrastruktur layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra "AZENCO"ya daxil olan büdcə vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə azaldığı iddia olunur.
Etibar Priverdiyev 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin dayısıdır.