Qəzetçi həmkarlarıma  səslənirəm,  qəzetləri yaşatmağın yolunu  tapsınlar - Bahəddin Həzi
25 aprel 2025 16:58 (UTC +04:00)

Qəzetçi həmkarlarıma səslənirəm, qəzetləri yaşatmağın yolunu tapsınlar - Bahəddin Həzi

Lent.az jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzinin APA-ya yubiley müsahibəsini təqdim edir

Jurnalistika fakültəsində təhsil almamağım jurnalist olmağıma mane ola bilmədi

- Bir neçə gündən sonra 60 yaşınız tamam olacaq. Elə jurnalistikaya gəlişinizdən danışaq. Jurnalist kimi fəaliyyətə, harada, necə başlamısınız?

 

- Jurnalistika fəaliyyətimin iki mərhələsi var. Birinci mərhələsi həvəskar, ikincisi peşəkardır. 7-ci sinifdən yazmağa həvəsli idim. O zamanlar Füzuli rayonunda “Araz” qəzeti nəşr olunurdu. İndi qəzetin adını dəyişib "Qayıdış" qoyublar. Amma “Araz” daha gözəl ad idi. Orada mənim kiçik həcmli yazılarım nəşr olunurdu. Daha sonra respublika mətbuatında, radioda yazılarım səsləndirilirdi. Tələbəlik illərində də jurnalistikaya meyl etmişdim. Baxmayaraq ki, baza təhsilim jurnalistika deyildi. Amma o zaman respublika qəzetlərində, xüsusən rusdilli mətbuatda yazılarım dərc edilirdi. Peşəkar fəaliyyətə 1990-cı ildə Universiteti bitirəndən sonra başladım. Ardınca Yazıçılar İttifaqı yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində rus dilində çıxan “Xəzər” jurnalında işlədim. Oradan da “Azadlıq” qəzetinə keçdim. Sonra başqa qəzetlərdə, radioda fəaliyyət göstərdim.


- Baza təhsiliniz nə olub?

- Mən jurnalistika fakültəsinə sənəd verə bilmədim. Çünki 18 yaşımda rayondan gəlmişdim. Dedilər ki, ya staj olmalıdır, ya da hərbi xidməti bitirməlisən. Sonra sənəd verilə bilərsən. O vaxt jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmov idi. Mənə dedi ki, sənədlərini ver kitabxanaçılıq fakültəsinə, sonra səni köçürərlər jurnalistikaya. Mən də onun məsləhətini dinlədim. Sənədlərimi verdim və o fakültəyə qəbul oldum. Birinci kursdan sonra hərbi xidmətə getdim. Qayıdıb gəldim. Jurnalistikaya köçürülmə üçün müraciət etdim. Amma bizim fakültənin dekanı keçməyə icazə vermədi. Ona görə də qaldım kitabxanaçılıq fakültəsində. Amma jurnalistika fakültəsinin tələbələri ilə daim ünsiyyətdə idim. Yazılarım dərc olunurdu, özümü jurnalistika fakültəsinin tələbəsi kimi hiss edirdim. Jurnalistika ilə bağlı yerli və xarici bir çox təlimlərdə iştirak edib sertifikatlar qazanmışam. Yəni jurnalistika fakültəsində təhsil almamağım jurnalist olmağıma mane ola bilmədi. 35 ildir, peşəkar jurnalistika ilə məşğulam.

 

Jurnalistika peşə deyil, sənətdir, yaradıcılıqdır, gündəm ədəbiyyatıdır

 

- Azərbaycan mətbuatında bir çox tanınmış qələm adamının jurnalistika təhsili yoxdur. Bu da bəzən jurnalistika təhsili olanlar tərəfindən birmənalı qarşılanmır. Sizcə, jurnalist olmaq üçün jurnalistika təhsili şərtdirmi?

 

- Əlbəttə, yaxşı olar ki, jurnalistika sahəsində işləyən insanların baza təhsili olsun. Son zamanlar bu məsələ aktualdır. Buna tək jurnalistikada yox, bir çox sahələrdə rast gəlinir. Hətta deyərdim ki, az adam öz ixtisası üzrə işləyir. Mən yaradıcılıq müsabiqəsinə hazır idim. O vaxtı jurnalistikaya qəbul olmaq üçün yazıların olması şərt idi. Ancaq həyat elə gətirdi ki, jurnalistika fakültəsinə düşə bilmədim. Yenə də jurnalist ola bildim. Yəni, bu sahədə təkcə oxumaq kifayət deyil. İstedad da lazımdır. Məsələn, jurnalistika fakültəsini əla qiymətlərlə bitirən, amma jurnalistikaya xələl gətirən insanlar da var. Əlbəttə, bu siyahıda başqa sahələrdən gələnlər də ola bilər. Yəni, əsas məsələ savadla istedadın vəhdətidir. Ancaq yenə də sahədə ixtisaslaşmaq zəruridir, jurnalistin üstünlüyüdür. Jurnalistika peşə deyil, sənətdir, yaradıcılıqdır, gündəm ədəbiyyatıdır.

- Sizin kənddən xeyli yazar, media adamı var. Kəndinizə yazarlar kəndi demək olarmı? Kəndiniz haqda danışa bilərsiniz?

- Seyidəhmədli adlanan iki kənd var Füzuli rayonunda. Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli. Mən Yuxarı Seyidəhmədlidə doğulub, böyümüşəm. Hər iki kənddən xeyli jurnalist, yazar çıxıb. Çox hörmətli Seyran Səxavətin gözəl sözü var. Deyir ki, Seyidəhmədli kəndi jurnalistika fakültəsidir. Mən də bunu bir az zarafatla şərh edirəm. Keçmiş SSRİ dövrünün ifadəsi ilə desək, kəndin adamları demaqoq idi. Onlar daim şikayət edirdilər, bir problem olanda yuxarılara yazırdılar. Haqqı tələb edirdilər. Ona görə kəndimizin camaatına “demaqoq” kimi baxırdılar. Əslində hamı elə yazmaqla məşğul idi. Sadəcə, bir qismi ancaq şikayət janrında yazmağa meylli idi (gülür). Müəyyən adamlar da publisistik üslubda yazmağa başladılar. Onlardan biri də mənəm. Bizim kəndimizdən, eləcə də qonşu kəndlərdən Zamin Hacı, Xalid Kazımlı və başqa qələm adamları var, çox məşhurdur. Zamin Hacının atası da məşhur jurnalist idi. Bizim kəndin camaatı yaradıcı olub. Amma indi kəndlərdə heç nə qalmayıb. Hamısı dağılıb.

- Gedib görmüsünüz kəndinizi?

- Bəli. Nə evimiz qalıb, nə məktəbimiz, nə də qəbiristanlığımız. Ermənilər hamısını dağıdıblar. Xüsusən də Aşağı Seyidəhmədli kəndində. Orada düşmən müdafiə xətləri qurmuşdu. Çox müqavimət göstərdilər. Ona görə 2-ci Qarabağ müharibəsində bu kəndlər ən son azad olunan kəndlərdən olub. Çox şükür ki, torpaqlarımız azad oldu, gedib görə bildim.

“Ağdərədə mühasirəyə düşmüşəm”

 

- Azadlıq hərəkatının iştirakçılarından olmusunuz. O illərdən xatirinizdə nə qalıb?

- 1987-ci ildə qeyri-formal təşkilat yaratdıq. O vaxtı müstəqillik uğrunda mübarizə-filan yox idi. Sadəcə, tələbə hərəkatı idi. Bizim də əsas məqsədimiz tarixi abidələri qorumaqdı. Qarabağda baş verən hadisələr fonunda biz də hərəkata qoşulduq. Məşhur Meydan hərəkatında əvvəldən sona qədər iştirak etmişəm. Çox çətin illər idi. Biz heç gəncliyimizi yaşamağa vaxt tapmadıq. Amma narazı da deyildik. İlk addımlarımızdan biri BDU-nun yataqxanası üzərində üçrəngli bayrağımızı qaldırmaq idi. O vaxt SSRİ dövrü idi deyə, buna icazə verilmirdi. Ona görə də dostlarımın bir çoxunu universitetdən qovmaqla hədələdilər. O zaman Dövlət Təhlükəsizlik Komitəsi müxtəlif təzyiqlər edirdi. Bir sözlə, gəncliyimizi o hərəkata həsr etdik. Sonra ümumxalq hərəkatı oldu. Başqa institutlarda da hərəkatlar yarandı. Müstəqillik şüarı ilə meydanlara çıxdıq. SSRİ-nin dağılmasında, Azərbaycanın müstəqilliyinin qazanmasında bu hərəkatların da çox böyük rolu var idi. Bizim gəncliyimiz bax, o cür qaynar dövrə düşdü. Yeri gəlmişkən, mən həm də hərbi jurnalistika sahəsində də fəaliyyət göstərmişəm. Müharibə bölgələrinə gedirdim, reportajlar hazırlayırdım. Hətta Ağdərədə mühasirəyə də düşmüşəm. Çox çətin dövrlərdən keçirdik. Jurnalist fəaliyyətimin ilk illəri müharibə dövrünə düşdü. Amma buna bir tale kimi baxıram. Və jurnalistləri də öz tale ortağım hesab edirəm.

Həyatımda ilk dəfə ölümlə burun-buruna gəlmişdim

- Ağdərədə mühasirəyə düşdüyünüzü dediniz. Bu necə olmuşdu?

- Daxili Qoşunların əsgərlərinin maşını ilə Tərtərdən Ağdərəyə gedirdik. Ağdərənin vəhşi və maraqlı təbiəti var. Orada mühasirəyə düşdük. Atışma gedirdi. Əsgərlər də razılaşdılar ki, hərə özü üçün bir güllə saxlasın. Mən də özüm üçün bir güllə xahiş etdim. Mühasirə 1 saatdan çox davam elədi. Amma sonra elə oldu ki, bizim ordudan kömək gəldi. Həyatımda ilk dəfə idi ki, ölümlə burun-buruna gəlmişdim. Həmin an hər şey-bütün həyatı, planları insanın gözünün qarşısından keçir.

- Bəs necə oldu ki, cəbhəyə yollandınız?

- Əslində, mənim işim kabinet işi idi. Oraya getməyə bilərdim. O vaxt baş redaktor vəzifəsi yox idi. Ən böyük vəzifə redaktor idi. Mən də redaktor müavini idim. Ancaq özüm getməyə can atırdım. Həm Qarabağdan olduğuma görə bunu mənəvi borc hesab edirdim, həm də döyüş bölgələrindən reportajlar yazmaq, canlı müşahidə aparmaq istəyirdim.

- Ailəniz getməyinizə narazılıq etmirdi?

- Bakıda kirayədə qalırdıq. Mən də işdə Zaqatalaya, Balakənə, Qaxa və başqa yerlərə ezamiyyət vərəqi yazdırırdım, amma Ağdama, Ağdərəyə, Füzuliyə gedirdim. Həmin o mühasirədən çıxıb evə gələndə həyat yoldaşımı Qaxdan gəldiyimə inandırmalı idim. Getdim “Təzə bazar”dan bir az qoz-fındıq aldım, inansın ki, həqiqətən Qaxdan və ya Zaqataladan gəlirəm. Müharibə gedən dövrdə həqiqəti ondan gizlətdim. Amma atəşkəs elan olunandan sonra açıb dedim. O da özümü təhlükəyə atdığıma deyə bir az incidi, amma məni də anladı. Əslində, yalan deməmişdim, sadəcə həqiqəti gizlətmişdim (gülür). Amma redaksiyadakı yoldaşlar hara getdiyimi bilirdi. Evdə desəydim, qorxardılar. Ona görə gizlətməyə məcbur qalırdım.

- Siz hadisələrin, mətbuatın qaynar vaxtlarında meydana atılmısınız. Bu gün medianın mənzərəsini necə görürsünüz?

- Mən bir yazımda yazmışdım ki, mətbuatın qızıl dövrü getdi, qır-qızıl dövrü gəldi. Bu, bir az obrazlı ifadədir. Bizim dövrümüzdə çox çətin idi. Bəlkə də gənclik illərimə düşdüyünə görə, o vaxtı mətbuatın qızıl dövrü hesab edirdim. Hər halda mənə elə gəlir. Sonrakı dövrdə başqa keyfiyyət kriteriyaları yarandı. Rəqabət daha da artdı. Mənfi tərəfi odur ki, rəy jurnalistikası arxa plana keçdi. Fikir çox böyük gücdür. Amma xəbər rəyi arxa plana atıb.

- Bu gün Bakıda bir yanğın hadisəsi baş vermişdi. Jurnalistlər hadisə yerinə gedib çıxana kimi media yanğını məcburən həmən vaxtı yaxınlıqdan keçən tiktokçu qəssabın canlı yayımından izlədi. O da deyəsən, baxış sayının artmasına görə, sevinir, daha da canfəşanlıq edirdi. Bu kimi nümunələr kifayət qədərdir. Sualım budur ki, sizcə bu günün jurnalistikası məhz yeni texnologiyalar sayəsində “həvəskar”lara uduzmurmu? Yoxsa sosial medianın hamını “müxbir”ə çevirməsi özü jurnalistikanın “Yeni era”ya keçidindən xəbər verir?

- Hazırda vətəndaş jurnalistikası kimi bir fenomen var. Hər kəs öz fikirlərini yazıb paylaşa bilir. Amma sosial media həyatımıza nə qədər daxil olsa da, yenə də peşəkar medianı üstələyə bilməz. Hər kəs hər şeyi yaza bilər, amma peşəkarca yaza bilməz. Araşdırmaq, informasiya vermək baxımından medianın rolu böyükdür.

 

“Süni intellekt jurnalistləri tam əvəz edə bilməyəcək”

 

- Süni intellekt artıq geniş vüsət alıb. Deyirlər, yaxın gələcəkdə süni intellekt bir çox sahələri ələ keçirəcək. Sizcə, bu jurnalistikaya da sirayət edə bilərmi?

- Artıq sirayət edib. Bir müddət əvvəl Amerikada oldum. Orada jurnalistika sahəsində süni intellektdən geniş istifadə olunurdu. Mənim bir sözüm var, süni intellekt çıxandan təbii intellekt dibə düşüb. Bu, bir az ciddi zarafat idi. Çünki süni intellekti yaradan da təbii intellektdir. Əslində, təbii intellekt, insan əməyi heç vaxt geri plana düşməz. Amma süni intellekt bir çox sahələrdə işləri asanlaşdırıb. Eyni zamanda, səhvlərdən də sığortalanmayıb. Necə ki, sosial şəbəkələr yarananda hamı elə bilirdi ki, orada yazılan hər şey doğrudur. Sonra məlum oldu ki, elə deyil. Peşəkar media obyektiv xəbər istehsal edir. Süni intellektlə rəqabətə hazırlaşmaq lazımdır. Çünki onun da yaradıcısı insandır. Əgər Allah insana süni intellekt yaratmaq ağlı verirsə, deməli, onun qarşısında dayanmaq gücü də verəcək. Qorxunun əcələ faydası yoxdur. Əksinə, problemin üstünə getmək lazımdır.

- Yəni, süni intellekt tamamilə insan əməyini əvəz edə bilməyəcək?

- Süni intellektin istehsalı sonda insanın süzgəcindən keçir. Süni intellekt, sadəcə, işləri asanlaşdırmaq üçün köməkdir. Bəzi media nümayəndələri deyirdi ki, sosial media lazımsızdır. Amma zamanla gördük ki, peşəkar media sosial mediadan bəhrələnir. Peşəkar medianın kifayət qədər resursu yoxdur ki, hər zaman hər yerdə ola bilsin. Kimsə hansısa problemi çəkib yayırsa, peşəkar media da onu araşdırıb, işıqlandırırsa, bu, sosial medianın köməyidir. Bu baxımdan süni intellekt də jurnalistlərin işini asanlaşdıracaq, amma jurnalistləri tam əvəz edə bilməyəcək. Sadəcə, ona qarşı mühafizə, müdafiə sistemləri qurulmalıdır ki, şəxsi həyata sirayət etməsin, cəmiyyətin mənəvi sütunlarını dağıtmasın, zərərli məlumatlar aşılanmasın. Sosial mediada da bu təhlükələr var. Deməli, süni intellekt dövründə də ola bilər.

 

“Qəzet oxumaq bir mədəniyyətdir”

- Bu gün qəzetlərin sıradan çıxması da başqa bir problemdir.

- Mark Tvenin belə bir sözü var idi ki, ölümüm haqqında xəbəri çox şişirdiblər. Rusların da belə bir ifadəsi var ki, bu şəxs daha çox ölüdür, nəinki diri. Ervin Şrödingerin nəzəriyyəsi var: insan eyni zamanda həm ölü, həm də diri ola bilər. Qəzet də sanki həm var, həm yoxdur. Kino çıxanda dedilər, teatr öləcək. Bunun kimi misallar az deyil. Təbii ki, qəzetlər öz tirajını, populyarlığını itirib, rəqəmsal media orqanları ilə rəqabət apara bilməz. Bu, obyektiv olaraq mümkün deyil. Amma biz görürük ki, Çində, Yaponiyada, Avropada, Amerikada qəzetlərin tirajı kəskin düşsə də, sonradan artmağa başladı. Düzdür, əvvəlki səviyyəsinə gəlib çatmadı, amma tendensiyanın özü maraqlıdır ki, qəzetlərin tirajı yenidən artmağa başladı. Bu, qəzetlərdə çıxan təhlillərlə, araşdırmalarla bağlı idi. Avropada, yaxud Amerikada səhərlər qəzet oxumaq həyatın bir atributu idi. Yaxud küçələrdə qəzet satışı şəhər mədəniyyətinin elementi idi. Qəzet oxumaq bir mədəniyyətdir. Ümumiyyətlə, mədəniyyət həm də qəzet oxumaqdır. Gənc nəsil rəqəmsal mediaya meylli olsa da, hələ də qəzet oxuyan yaşlı nəslin nümayəndələri var. Amma qəzetlər zamanla sıradan çıxır. Gündəlik qəzet anlayışı laxlamağa başlayıb. Qəzetdə gündəlik xəbərlər vermək olmur. Ancaq təhlillər, araşdırmalar vermək olur. Əslində qəzetlərin ictimai həyatımızda yeri var. Sadəcə, bizim qəzetlərimiz o yeri tapa bilməyib. Məsələn, Avropadakı qəzetlər tapa bilib ki, tirajı yenidən artıb. Biz isə tapa bilmədik. Qəzet nə ilə məşğul olmalıdır, kimə xitab etməlidir, nədən, necə yazmalıdır, artıq bunu tapmaq bizim üzərimizə düşən məsələdir. Elektron medianın, xüsusən, süni intellektin dövrəyə girdiyi zamanda qəzetlər əvvəlki önəmini qazana bilməyəcək. Amma məncə, tamamilə yox olmayacaq, bir mədəniyyət kimi qalacaq. Daha doğrusu, qalmalıdırsa, qalacaq. Deyilsə, qalmayacaq. Heç kəs bunun qarşısını ala bilməyəcək.

- Yəni qəzetlərin süqutu gözlənilir?

- Ölkəmizdəki qəzetlər eyni formatda qalsalar, yəqin ki, fəaliyyətləri çox uzun davam etməyəcək. Ona görə qəzetçi həmkarlarıma səslənirəm ki, qəzetləri yaşatmağın yolunu tapsınlar. Necə ki, teatr yaşayır, kino onu öldürmədi. Eyni şey qəzetlərə də aid ola bilər. Hər şeyin öz yolu var. Daşlar yerinə oturanda hər şey gözəl olur.

- Bir vaxtlar adınız daha çox çəkilirdi, indi daha az çəkilir. Bunun səbəbi nədir?

- Görünür, bir hissəsi özümlə, bir hissəsi də o adı çəkənlərlə bağlıdır. Bəlkə də jurnalistika sahəsində bir qədər geri plana keçməklə bağlı ola bilər. Ola bilsin, əvvəlki enerji ilə, şövqlə işləyə bilmirik. Auditoriya bir qədər dəyişib. Yeni nəslin yeni maraqları var. Bu maraqlara ola bilsin, cavab verə bilmirik. Bir səbəbi də mənim ədəbiyyata sığınmağımla bağlıdır. Bəlkə tale, zaman, yaş bunu tələb edir. Bəlkə də özüm istəmişəm, bilmirəm. Ümumiyyətlə, hadisələrin sonsuz səbəbi olur. Kimsə adımızı çəkmirsə, bəlkə də biz adımızı onlara duyurmamışıq. Çəkməyənin günahı yoxdur. Özümün qüsurudur ki, geri planda qalmışam.

- Necə oldu ki, ədəbiyyata yönəldiniz? Ədəbiyyat sizin üçün hobbidir, yoxsa?

- Ədəbiyyat mənə yad deyildi. Orta məktəbdən ədəbiyyat fənninə böyük marağım var idi. Ən yaxşı oxuduğum fənlərdən olub. Məhəmməd Hüseynov adlı ədəbiyyat müəllimim var idi, İkinci Dünya müharibəsində iştirak etmişdi. Hüseyn Cavidin tələbəsi olmuşdu. Mənə Cavidi sevdirmişdi. Görürdü ki, ədəbiyyata marağım var. Onun əsərlərini oxumağı tapşırmışdı. Mən də Cavidin əsərlərini tapıb oxuyurdum. Tələbəlik illərində qəzetdə hekayələrim çap olunurdu. Birinin adı “İlan” idi. Digərinin adını unutmuşam. Əlbəttə, onlar professional ədəbiyyat deyildi, təcrübə idi. İnsan özündən çox şey öyrənir. İnsanın ən böyük müəllimi elə özüdür. Jurnalistikaya gələndən sonra ədəbiyyatdan bir az uzaq düşdüm. Amma sonradan yenə meylim artdı və qayıtdım. Bilmirəm necə alınır, mənim yazdıqlarım ədəbiyyatdır, ya yox? Amma tanınmış, peşəkar yazıçılar deyirlər ki, məndə alınır. Yazmağa davam etmək lazımdır. Bəlkə də “yaxşıdır” deyənlər təsəlli üçün deyirlər.

- Bəs özünüz necə düşünürsünüz? Sizdə alınırmı?

- Onu heç vaxt düşünmək lazım deyil. Sadəcə, yazmaq lazımdır. Elə yazıçılar var ki, onların həyatı ədəbiyyatdır. Elə həyat yaşayırlar ki, onu yazmaq, ifadə etmək ağrısı duyur.

- Sizdə də elədir?

- Yəqin ki. Bu, ehtiyacdır. Ölkəmizdə indilik ədəbiyyatdan böyük pullar qazanmaq mümkün deyil. Çünki bazarı məhduddur. Oxucu sayı azdır. Dostumuz şair Şəhriyar Del Gerani yaxşı deyir ki, Azərbaycanda minlərlə müəllim, həkim, vəkil, jurnalist, tələbə var. Onlar hamısı kitab oxumalıdır. Həyatda çox situasiyalara düşüb, çıxmışam. Belə zamanlarda etdiyim mütaliələr mənə kömək edib. Əlbəttə, insan oxuduğu hər əsəri detallı xatırlamır. Amma beyin, şüuraltı ona lazım olan dərsi götürür və ehtiyatda saxlayır. Zamanı gələndə də işlədir. Yəhudilərin bir sözü var: istənilən çıxılmaz vəziyyətdən ən azı iki çıxış yolu var. Bu çıxış yolları ədəbiyyatdadır. Məndən bir dəfə soruşmuşdular ki, dünya ədəbiyyata dar gəlirmi? Mən də cavab vermişdim ki, yox, əslində, ədəbiyyat dünyaya dar gəlir. O qədər hadisələr var ki, dünyada var, ədəbiyyatda yoxdur. Bəlkə də media bu boşluğu doldurur. Media gerçək hekayələri olduğu kimi göstərir. Dilimizin coğrafiyası kiçik olsa da, özü çox gözəl və zəngindir. Kitabları öz dilimizdə oxuduqda insanın dili daha da təkmilləşir.

- Dediniz ki, ədəbiyyat bazarı da, oxucusu da məhduddur. Bu problemdən çıxış yolunu nədə görürsünüz?

- Azərbaycan ədəbiyyatında dünya səviyyəsindən geri qalmayan əsərlər, yazıçılar var. Amma qloballaşması bir qədər çətindir. Həm də insanlar indi əyləncəyə, gündəlik tələbat informasiyalarına daha çox meyllənib. Mənəvi qidadan uzaqlaşıb. Buna qaytarmaq üçün də həm təhsil, həm mədəniyyət sahələri, həm də media insanları bu istiqamətə yönləndirməlidir. Maraqlı bir fakt yadıma düşdü: Braziliya həbsxanalarında məhkumlara kitab oxutduraraq cəzalarını azaldırdılar. Görün, insanlar kitab oxumaqla azadlığını qazana bilirdi.

- Bahəddin Həzinin hansı peşəkar ədəbiyyat nümunələri var?

- Bir neçə hekayələrim var. “Qutu”, “Ortalıq” və sair. Həmçinin bədii esselərdən ibarət bir kitabım hazırda “Qanun” nəşriyyatındadır. Bu yaxınlarda çapdan çıxacaq. Onun təqdimatı olacaq.

- Xeyirli olsun. Adı nədir?

- Çox sağ olun. Adı “Göyün cazibə qüvvəsi”dir. Adının haradan gəldiyini də deyim. Nyutonun “Yerin cazibə qüvvəsi” qanundan ilhamlanaraq bir essemin adını “Göyün cazibə qüvvəsi” qoymuşdum. Çünki insan hər zaman yüksəlməyə can atır. Təsadüfi deyil ki, təyyarə kəşf olunmazdan öncə insanın xəyalında uçan xalılar var idi. Bugünkü təyyarə o nağıllardan, xəyallardan uçub gəlib bizə çatıb. Tək insan yox, bitkilər də daim göyə can atır. Ona görə günəş görməyən ağaclar böyümür.

- “Ölümcül həqiqətlər” kitabında hansı ölümcül həqiqətlərdən bəhs etmisiniz?

- Az öncə dediyim müharibə ilə bağlı yaşadığım həqiqətlərdən. İnsan daim ölümlə üz-üzədir. Ən böyük həqiqət ölümdür. Onu heç nə dəyişdirə bilməz. Məsələn, Füzulidə döyüş zamanı belə bir hadisə yaşanmışdı. Kəndin qırağında bir benzin çəni var idi. O çənin arxasında əsgərlər gizlənib qarşı tərəfə atəş açırdılar. Sonra məlum oldu ki, bu çənin içində benzin var. İnsanlar o anda ölümlə qolboyun olmuşdu, məsələn. Bundan əlavə, jurnalist fəaliyyətimlə bağlı 6 dəfə istintaqda olmuşam. O zamankı Milli Təhlükəsizlik Nazirliyində Cinayət Məcəlləsinin 67-ci və 68-ci maddələri ilə cinayət işi açılmışdı. O zamanlar (1993-cü ildə) ölüm hökmü qüvvədə idi. Yəni işi axıra çatdırsaydılar, edam ediləcəkdim. Bir çox həqiqətlər var, ya öldürücüdür, ya da insan ondan ölümü öyrənir. Ölümün nə olduğunu görən insan həyatı daha dərindən dərk edir.

- Kitabda deməkdən çəkindiyiniz bir şey olubmu?

 İstənilən qələm adamının susduqları danışdıqlarından maraqlıdır. Bəzən insan çox şeyi sükutla deyir.

- Bir hekayənizdə demisiniz ki, Allaha həsəd aparırsınız, bəs qorxmursunuz?

- Orada onu da qeyd etmişəm ki, bu cür gözəl Allahdan niyə qorxaq? Məsələn, biz uşaq vaxtı atamızdan qorxmurduq, sadəcə, onun sevgisini itirməkdən qorxurduq. Eyni şey Allaha da aiddir. İnsan Allahın sevgisini itirməkdən, onun qarşısında günahkar olmaqdan qorxur. Orada onu da qeyd etmişəm ki, əlində qələm olanlara dəyər verin. Allahın kitablarını, azanı hamı sevərək oxuyur, dinləyir. Mən də ona həsəd aparıram ki, mənim kitablarım elə oxunmur (gülür).

Gənc həmkarlarımızı səhv etmə imkanından məhrum etməməliyik

APA jurnalist məktəbinin təlimlərində iştirak etmisiniz. Gənc jurnalistlərin hazırlığı, peşəyə sevgisi Sizi qane edirmi?

- Əksəriyyətində o şövqü, həvəsi hiss etdim. Bizim sənətimiz təkcə istedadla bağlı deyil. Bilik və bacarıqlar vəhdət halında olmalıdır. Hamısı həvəslə dinləyir, yeni nələrsə öyrənməyə can atırdı. Karyerasının hələ başında olan, təcrübəsi az və ya olmayan gənclərimiz var ki, onlar səhv etdiyi zaman sərt şəkildə tənqid edilməməlidir. İnsanın səhv etmək və anlaşılmaq hüququ var. Bütün elmi kəşflər də səhvlərdən yaranıb. Səhv inkişafa təkan verən amildir. Ona görə gənc həmkarlarımıza qarşı anlayışla yanaşmalı, onların səhvlərini mülayim şəkildə izah etməliyik. İnsan istəyir ki, əməyinə görə təqdir edilsin, motivasiyalansın. Məsələn, mənim jurnalistikada ən böyük müəllimim mərhum Nəcəf Nəcəfov böyük jurnalist idi. “Azadlıq” qəzetində redaktorum olub. Bir dəfə yazı yazmışdım, yazını özüm də çox bəyənməmişdim. Nəcəf bəy o zaman mənə demədi ki, zəif yazıdır. Dedi ki, daha yaxşı yazmaq imkanın var. Bu da insana motivasiya verir. Amma qüsur kəskin tənqid edildikdə insan həvəsdən düşür. Ona görə gənc həmkarlarımızı səhv etmə imkanından məhrum etməməliyik.

- Bəzi yerlərdə adınız Bahiyəddin Həziyev, bəzi yerlərdə isə Bahəddin Həzidir. Adınızdakı dəyişikliyin səbəbi maraqlıdır.

- Mən, əslində, adımı dəyişdirməmişəm. Elə Bahəddindir. Soyadımı dəyişmək isə uzun proses olduğuna görə sənəddə dəyişməmişəm, sadəcə imza kimi Həzi olaraq götürməyi seçmişəm.

Təkcə dərsdən qiymət almırıq, həm də qiymətdən dərs alırıq

- Aprelin 28-də 60 yaşınız olacaq. İndidən Sizi təbrik edirəm. Necə qeyd edəcəksiniz doğum gününüzü?

- Çox sağ olun. Düzü, doğum günlərinə xüsusi əhəmiyyət vermirəm. Həmişə iş başında olmuşam. İnsanın ad günü o qədər də önəmli deyil. Əsas odur, ad olsun. İnsan öz adını özü yaradır. Bəlkə də önəm verməliyəm, bilmirəm. Qeyd etməyə gəldikdə isə Mətbuat Şurası aprelin 28-də doğum günümlə bağlı tədbir keçirəcək. Ailə də evdə yəqin nə isə edəcək. Özümə doğum günü hədiyyəm yeni nəşr olunacaq kitabımdır. Doğum günü mənim üçün hesabat anıdır. Özümə hesabat verirəm ki, nə üçün yaşadım, necə yaşadım, nəyə nail oldum, nəyi itirdim? Bu baxımdan bəlkə də doğum günlərinin mənası var.

- Bu günə kimi itirdikləriniz çox olub, qazandıqlarınız?

- Situasiyaya görə dəyişir. Məncə, ən böyük qazancım bu yaşa gəlib çatmağımdır. Ailəmdir, dostlarımdır. Və az da olsa adımı çəkənlərdir (gülür). İnsan öz dəyərini alanda qiymətlənir. İnsan bir yaşa çatanda istəyir ki, qiymətləndirilsin. Təkcə məktəbi bitirməklə dərsimiz bitmir. Biz təkcə dərsdən qiymət almırıq, həm də qiymətdən dərs alırıq. Mən də məktəbli kimi qiymətimi almaq istəyərəm, görüm məqbuldur yoxsa, qeyri-məqbul...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar