"İnter"in yarımmüdafiəçisi Henrix Mxitaryan öz tərcümeyi-halında karyerasının ən gərgin dövrlərindən birini - Joze Mourinyo ilə "Mançester Yunayted"də işlədiyini xatırladır.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o yazır ki, münasibətləri sürətlə pisləşib və məşqçinin təzyiqi absurd həddə çatıb.
O, artıq dözə bilməyərək Mourinyoya "İki ildir məni tənqid edirsən, sən axmaqsan!" dediyi anı təsvir edir. Portuqaliyalı cavabında "Səni bir daha görmək istəmirəm" deyib.
Məşqdə ona tamamilə məhəl qoyulmayıb, amma gecələr Mourinyo eyni mesajı verməyə davam edib: "Get, ki, mən Aleksislə müqavilə bağlaya bilim".

Hər axşam yeni mesajlar gəlib: "Miki, xahiş edirəm get".
Mxitaryan eyni cavabı təkrarlayıb: "Yalnız uyğun komandanı tapsam gedəcəyəm, əks halda yaya qədər gözləyəcəyəm".
Onun sözlərinə görə, yanvar ayında Mourinyo daha da israrlı olub: "Miki, xahiş edirəm get ki, Aleksisi gətirim".
Sonra Mxitaryan yazıb: "Səni məmnun etmək üçün getməyəcəyəm. Xahiş edirəm, mənə yazmağı dayandır. İstəsən, Mino ilə danış".
Nəticədə, məhz bu münaqişə 2018-ci ilin qışının ən yüksək səviyyəli mübadiləsinin proloqu olub: Mxitaryan "Arsenal"a keçib və "Mançester Yunayted" Sançesi ala bilib.