Bu dəfə sizlərlə tanış eləmək istədiyim adam fərqli peşə sahibidir. Lent.az-ın müsahibi döyüş xoreoqrafiyası üzrə beynəlxalq dərəcəli təlimatçı, aktyor, kaskadyor, müasir və tarixi döyüş növləri üzrə təlimatçı, atlı oxçu Sain Fərhad Fərmanlıdır. O eyni zamanda “Alp Ərən” Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzinin rəhbəri, Azərbaycan İncəsənət Məktəbinin müəllimi, “Sain’s Action Team” kaskadyorlar komandasının rəhbəri, Beynəlxalq “Nomad Stunts” kaskadyorlar qrupunun üzvüdür. Kombat Kapoeira üzrə 3-cü, Şotakan və Qodcu - Ryu Karate üzə 1-ci dan qara kəmər sahibidir.
- Sain bəy, Azərbaycanda kaskadyorluğun məktəbi var?
- Bizdə bu sənət öyrədilmir. İncəsənət Universitetində yüngülvarı qılıncoynatma, döyüş dərsləri verilir, amma keyfiyyətsiz. Mən 2017-ci ildə Los Angeles-də Kaskadyorluq Akademiyası tərəfindən təşkil olunan Hollivud Kaskadyorluq Kurslarını fərqlənmə ilə bitirmişəm. Sonra düşündüm ki, əgər bizdə bu sahədə boşluq varsa, məktəbi özüm yarada bilərəm.
- Ən uğurlu işlərinizdən biri dünya şöhrətli “Tomiris”də oldu. Necə oldu bu filmə çəkildiniz?
- Bu filmə Qazaxıstandan dəvət gəldi. 2020-ci ildə Amerikada yerləşən Dünya Kaskadyorlar Akademiyası tərəfindən, Qazaxıstan istehsalı olan “Tomiris” filmindəki ən yaxşı döyüş səhnələrinə görə komanda ilə birgə “Taurus” mükafatına layiq görüldük. “Taurus” kaskadyorlara verilən “Oskar”dır. Adı çəkilən mükafat, hər il təntənəli şəkildə Paramount Pictures Hollivud studiyasında təqdim olunur. Bu günə qədər 12 filmdə həm aktyor, həm kaskadyor kimi iştirak etmişəm. Bu filmlər arasında Hindistan, Rusiya, Qazaxıstan istehsalı olanlar da var. Ən böyük təəssüf hissini Hollivuddakı işlərimi yarımçıq buraxıb, böyük ümidlərlə vətənə qayıtdığım, aldadıldığım üçün keçirirəm.
- Nə üçün qayıtdınız, kim aldatdı sizi?
- O qədər böyük sözlər, vədlər verənlər oldu. Yekə vəzifəli adamlar idi, hamısının sözü boş imiş. Təəssüf ki, bizdə verilən sözün məsuliyyətini anlamırlar, mən hər şeyi yarımçıq buraxıb gəldim və yanıldım.
- Xaricdə yetərincə qiymət ala bilirdiniz?
- Orda insana, istedada, əməyə dəyər var. Qismət olsa qayıdacam. Ceki Çandan təklif almışıq, ilk söhbətlər aparılıb. Onunla layihələrimiz olub. Ümid edirəm yaxşı olacaq. Bilirsinizmi, bizdə kaskadyor deyəndə ancaq düşünürlər ki, ordan tullandı, bura hoppandı. Belə deyil. 5 manat pul verib, 50 manatlıq iş gördürmək istəyirlər. Nə sığorta düşünən var, nə zədələndin səhhətinlə maraqlanan. Burda dəyər vermirlər. Mən əgər bundan sonra xarici sponsorların dəstəyi ilə beynəlxalq arenaya çıxası olsam, Azərbaycanı təmsil edirəm deməyəcəm. Gərək mənə vaxtında sahib çıxaydılar ki, bunu deyəm də. Neçə-neçə idmançılarımız xarici ölkələrin bayrağı altında çıxış edir, mən də elə. Vətən sadəcə pafosla deyilən böyük sözlər deyil, vətən vətəndaşlardan, insanlardan ibarətdir və bu insanlara dəyər verilməlidir. Bizdə bir filmçəkəndə, büdcə yaxşı olanda xariciləri axtarırlar, büdcə olmayanda özümüzünkülər yada düşür. Bizim Qarabağ barədə filmlərimiz olmalıdır. Bəziləri elə filmlər çəkirlər hər gün o filmdən o dramdan çəkərəm. Döyüş janrı xaricdə ən çox qazanc gətirən sahədir, bizdə bunu inkişaf etdirə bilmirlər.
- Bildiyimə görə, bəzən bizdə döyüş səhnələrinin işlənməsinə hərbiçiləri dəvət edirlər...
- Bizdə baha olur deyə döyüş səhnələrini çox az çəkirlər. İkincisi çəkiliş meydanında, heç bir peşəkar və yüksək rütbəli hərbiçi təhlükəsizlik məsuliyyətini öz boynuna götürə bilməz və bu işin onlara tapşırılması ən böyük səhvdir. Hər meydanın, öz peşəkarı var. Real səngər başqa, film meydanı başqa. Bizim filmlərdə bunlar nəzərə alınmır.
Gördüyünüz “xolostoy patron” kimi tanınan güllələrdir. Lakin, bunlar arasında fərq var. Başında rezin olan güllədən, təhlükəsizik baxımından film çəkilişlərində istifadə olunmur. Ondan, daha çox hərbi poliqonda və qarşıda canlı hədəf olmayan məqamlarda təlimlər zamanı istifadə olunur. Bu aktyorun təhlükəsizliyini risk altına alır. Atəş zamanı, güclü alovun təsirindən əriyib, yox olur. Amma, yenə də buna 100% əmin olmaq olmaz. Bir hadisəni misal olaraq nəzərinizə çatdırım. Bir dəfə, “ağıllı” bir nəfər güllənin dəmir başlığını çıxarıb, əvəzinə folqa kağızı əzib onun yerinə bərkidir. Lakin, həmən kağız kaskadyorun ürəyinə dəyib onu öldürmüşdü. Başlığı olmayan əzilmiş “xolstoy patron”dan istifadə edirik. Bu güllənin başı, büzüşmüş halda olur, atəş zamanı açılır və heç bir maneə olmadan yalnız alov çıxır. Buna baxmayaraq, təhlükədən yayınmaq üçün silahı aktyordan ya bir az kənara tutmaq, ya da, ən azı 3-4 metr aralıdan atəş açmaq lazımdır.
Bu məsələlərə, çəkiliş meydanında, peşəkar tryuk koordinatoru və silah ustası cavabdeh olur.
- Bir qədər də oxçuluq barədə danışaq. Oxçuluq idmandır yoxsa döyüş növü? Onun sağlamlığa hansısa təsiri varmı?
- Qədim döyüş, müasir idman növüdür, 7 yaşdan yuxarı hər kəs məşğul ola bilər. Bizim kurslarda türk oxçuluğu tarixi, texniki biliklər, stressli vəziyyətdə atışlar, hərəkətli atışlar öyrədilir. Bu idmanla məşğuliyyət nəticəsində kürək, çiyin və qarın əzələləri güclənir və nəticədə dik duruşa nail ola bilirik. Miopiyadan əziyyət çəkən insanlara oxçuluqla məşğul olmağı tövsiyə edirlər. Oxçular balanslaşdırılmış sinir sistemi və səbrə malik olurlar.
- Döyüş xoreoqrafı nə deməkdir?
- Döyüşün öz ritmi var. Döyüş xoreoqrafı aktyoru və ona tapşırılan obrazı yaxşı tanımalı, buna uyğun döyüş ritmi qurmalıdır.
- Bizdə tarixi və ya döyüş filmlərini çəkmək üçün başladılıb, sonra yarımçıq qalan layihələr olub?
- Eləmək istəyənlər olub. Amma bu çox böyük maliyyə tələb edir. Xaricdə büdcəsi 50 milyondan az olan filmin layihəsi ilə heç kim maraqlanmır. Gülməli büdcədən danışırlar. Hollivudda 200-300 mini elə çəkiliş qrupunun kofesinə xərcləyirlər, bizdə bu pulla film çəkmək istəyirlər. Bunun silahı, atı, geyimi, dekoru, texniki qrupu var, daha sadalamadığım dərdi-səri var. Yəni ortaya iş qoymaq istəyirsənsə, pul qoyacaqsan. 5 milyon dollara da çəkmək olar onda gərək qrafika çox ola. Amma yaxşı qrafika ustası da yaxşı pul istəyir. Şah İsmayıl filmi çəkmək istəyirdilər, cəmi 500 000 manat ayırmışdılar. Bunun hazırlıq dövrü də var. Elə hazırlığına 100 min gedir. Bizdə baza yoxdur. Biznesmenlərimiz var ki, filmi dövlətdən pul almaq xətrinə çəkdirmək istəyirlər, ortaya iş qoymaq üçün yox. Pul qoymadan pul götürmək istəyirik, belə də olmur. Sən əlini cibinə salmalısan ki, ətrafında komandan olsun.
- Amma mən bizdə filmlərə böyük pullar ayıran iş adamları tanımıram...
- Yoxdur ki tanımırsınız. Bizim iş adamlarını kimsə başa salıb ki, komediyadan başqa heç nəyə baxılmır. Film yalnız Azərbaycan bazarı üçün yox, xarici kassalar üçün çəkilməlidir. Biz Çin, Hindistan deyilik ki, daxili bazar hesabına dolana bilək.