Rusiya hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı Elçin Cənnətov avqustun 10-da səhər saatlarında Novosibirsk şəhərinin Kirov rayonunda, Petuxova küçəsi 79B ünvanının yaxınlığında idaə etdiyi yük maşınını insanların üzərinə qəsdən sürərək onları öldürməyə cəhd edib.
Ancaq insanlar vaxtında qaça biliblər və xəsarət alan olmayıb. Sürücü Rusiyadan qaçdığı üçün onun barəsində beynəlxalq axtarış elan olunub.
Məlum olub ki, hadisədən sonra Elçin Cənnətov Qazaxıstana qaçıb. Sonra isə buradan Azərbaycana gəlmək istəsə də, Astana şəhərində saxlanılıb.
Hazırda onun Rusiya Federasiyasına verilməsi üçün hazırlıq prosedurları aparılır. Cinayət təqibi iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd maddəsi ilə (Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) başlanılıb.
Prokurorluq istintaqın gedişinə və nəticələrinə nəzarəti həyata keçirir.