İngiltərə çempionatının 1-ci turunda keçirilən “Liverpul” – “Bornmut” (4:2) oyunu ilk hissədə bir neçə dəqiqəliyinə irqi qalmaqal səbəbindən dayandırılıb.
Lent.az xəbər verir ki, 28-ci dəqiqədə əlil arabasında olan azarkeş “Bornmut”un hücumçusu Antuan Semenyonu irqi zəmində təhqir edib və bu səbəbdən oyun müvəqqəti dayandırılıb. Hadisədən sonra Semenyo dubl edib və hesabı bərabərləşdirib.
Premyer Liqanın açıqlamasında bildirilib ki, insident tam şəkildə araşdırılacaq:
“Futbolçuya və hər iki kluba tam dəstəyimizi ifadə edirik. İrqçiliyin nə oyunumuzda, nə də cəmiyyətdə yeri yoxdur. Stadionlarımızın hər kəs üçün inklüziv və qonaqpərvər mühitə çevriləcəyinə təminat vermək üçün maraqlı tərəflərlə və səlahiyyətli orqanlarla işləməyə davam edəcəyik”.