Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"dan SİLİNDİ
12 iyul 2024 21:33 (UTC +04:00)

Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"dan SİLİNDİ

Son günlər mediada məlumat verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib.

Lent.az xəbər verir ki, bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir:

Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilmiş, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunmuşdur. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayəsi” İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilmişdir.
Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinmişdir (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).

Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.
Nəticə barədə əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5418
avatar

Oxşar yazılar