Epidemiyanın bədii ifadələri
18 avqust 2020 19:42 (UTC +04:00)

Epidemiyanın bədii ifadələri

Türkiyənin mədəniyyət qurumu olan Yunus Əmrə İnstitutunun COVID-19 epidemiyasının qlobal miqyasda emosional və bədii ifadələrini əks etdirən, dünyadakı həmrəyliyi nümayiş etdirmək üçün hazırlanan kovidoskop qlobal layihəsinin covidoscope.org veb-saytı ziyarətçilər üçün türk, ingilis, ərəb və ispan dillərində istifadəyə açılıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, may ayından etibarən sosial media səhifələrindən kolleksiya haqqında ipuclarını verməyə başlayan kovidoskopun veb-səhifəsi orijinal dizaynı və dörd dil variantı ilə seçilir.

Layihədə bildirilir ki, əksər insanlar uşaqlığından kaleydoskopu (çiçək durbini) xatırlayır. Kaleydoskop güzgülərdə işığı əks etdirərək rəngarəng naxışlar və gözəl görüntülər yaradan durbindir. Yunus Əmrə İnstitutu karantin dövrünün əvvəlindən hazırladığı kaleydoskopu xatırladan kovidoskop adlı yeni layihəsi çərçivəsində dünyadakı epidemiya dövründə bədii əsərlərin ən yaxşı nümunələrini tərtib edib. Emosional yaddaş layihəsi olan kovidoskop, eyni zamanda, qlobal rəqəmsal bir arxivdir. Layihədə bütün dünyada epidemiyaya qarşı oyanan ortaq və subyektiv duyğuların yaratdığı istehsal, paylaşma və həmrəylik nümunələri əks olunub, ortaq hisslərin mədəniyyət bazalarının vurğulandığı bir kurasiya ilə təqdim olunur.

Fərdi və ictimai sağlamlığa təhdid olaraq bu xəstəlik həm özəl, həm də ictimai sahədə mühüm dəyişikliklərə səbəb olub. Bu qeyri-müəyyənlik şəraitində insanlar evlərinə və daxili dünyalarına qayıtdıqca duyğuların estetik ifadəsi də sürətlənib. Həm qlobal təcrübədən, həm də fərdi reaksiyalardan yaranan ortaq duyğular fərqli axtarışlar, açıqlamalar və üsullarla geniş çeşidli məhsullara çevrildi. Kovidoskop layihəsində tərtib edilən bu məhsulların ortaq nöqtəsi, həlledici və uyğun vaxtda yaradılmaları və bütövlükdə epidemiya günlərinin emosional gündəliyini göstərmələridir.

Rəqəmsal mühitdə yaşayan kovidoskop kolleksiyasını www.covidoscope.org-da müxtəlif formalarla gəzmək mümkündür: dünya xəritəsində bir güzərgah seçə bilər və ya duyğulara və mövzulara görə tərtib edilmiş, mədəniyyətə dair məlumatların da yer aldığı qalereyada özünüzə yollar çəkə bilərsiniz. Eyni gözlənilməz və çətin prosesdən keçən insanların həmrəyliyinə, duyğusal təcrübələrin birləşdiriciliyinə diqqəti çəkən layihənin məsləhətçiləri arasında “İnsan duyğuları kitabı”nın yazıçısı Tiffani Vatt Smis, tarixçi, tərcüməçi, yazıçı Səadət Özən və psixiatr Kamal Sayar da yer alır.

Layihə Hindistandan Türkiyəyə, Meksikadan İrana dünyanın müxtəlif yerlərindəki sənət adamlarının diqqətini çəkib. Bu rəqəmsal hafizə layihəsi incəsənət yolu ilə dünyada həmrəyliyə töhfə olaraq dəyərləndirilib.

Layihə eyni zamanda dünyanın hər yerində belə mənalı əsərlərin qeydiyyata alınmasını, müxtəlif coğrafiyalardakı insanların biri-birinə bənzəyən duyğusal səyahətlərinə işıq tutur. Qırxa yaxın ölkənin əsərlərindən ibarət kolleksiyada Azərbaycandan da əsərlər yer alır:#Evdəqal kampaniyasında iştirak edən Trend informasiya agentliyi Azərbaycan, rus və ingilis dillərində maraqlı videoçarx hazırlayıb. Layihənin rəhbəri Sahil Kərimli, əlaqələndiricisi Vüqar İmanov, ideya müəllifi Fidan Mirbabayeva, musiqisinin prodüseri Tünzalə Ağayevadır. Əsər kolleksiyanın “Ümid” və “Həmrəylik” qalereyalarında ziyarətçilərə təqdim olunur.

Kovidoskopda pandemiya dövründə yardımlaşma, həmrəylik fəaliyyətlərinə də xüsusi yer verilib və bu istiqamətdəki təşəbbüs və fəaliyyətlər də kolleksiyaya daxil edilir. Burada müxtəlif sahələrdə maraqlı bədii təşəbbüslər və estetik povestlər böyük tədqiqat qrupu tərəfindən seçilir və kovidoskopun rəqəmsal qalereyalarına daxil olmaq üçün ən orijinal əsərlərin xüsusi kolleksiyası yaradılır. Seçilən məhsullar müasir sənət əsərləri ilə məhdudlaşmır, dövrün fotoşəkilləri, karikatura, təsvirlər, sənətçilər tərəfindən onlayn platformalarda təqdim olunan həmrəylik konsertləri, epidemiya haqqında xüsusi kompozisiya və ifalar, animasiya filmlərindəki dövrü əks etdirən estetik formaları əhatə edir. Rəqəmsal kolleksiya müəlliflərin razılığı ilə dünyanın müxtəlif yerlərində yaradılan bu estetik əsərlərin nümunələrini bir araya gətirir və epidemiyaya qarşı sürətli və dəyişkən emosional reaksiyaların qrafikini təqdim edir. Kolleksiyanın təbliğində dünyada altmışa yaxın mərkəzə malik olan Yunus Əmrə İnstitutunun şəbəkələri fəal iştirak edir. Özünəməxsus dizaynı ilə seçilən covidoscope.org saytı dünyanın pandemiya dövründə duyğusal arxivi olmağı qarşıya məqsəd qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2650
avatar

Oxşar yazılar