Böyük Qayıdışa kölgə salmaq, yoxsa vətəndaş ərköyünlüyü?
24 noyabr 2025 17:45 (UTC +04:00)

Böyük Qayıdışa kölgə salmaq, yoxsa vətəndaş ərköyünlüyü?

0

Xəbər verdiyimiz kimi, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağa "Böyük Qayıdış" proqramı hazırlandı və dərhal icrasına başlanıldı.

Böyük Qayıdış İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilmiş hissəsini və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesinə verilən addır. Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.

2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. 

Prosesi hər birimiz anbaan izləyirik. Görürük ki, qısa zaman ərzində işğaldan azad olunmuş şəhərlər və kəndlər yenidən qurulur, yollar salınır, müasir infrastruktur yaradılır. Minlərlə insan 30 illik həsrətin ardından doğma torpaqlarında həyatını yenidən qurmağa başlayırlar.

Təəssüf ki, dövlətimizin iri miqyaslı bu quruculuq prosesinə kölgə salmaq cəhdləri səngimir.

Bir müddət əvvəl Füzuli şəhərində yeni tikilmiş binalardan birində mənzilin su basması ilə bağlı yayılan görüntü də məhz bu qəbildən olan cəhdlərdən idi. Hadisə barədə məlumat yayılar-yayılmaz müəyyən qruplar məsələni şişirdərək düşünülmüş qarayaxma kampaniyasına çevirdilər.

Lakin araşdırmalar göstərdi ki, 5-ci binanın 112-ci mənzilində yaşanan subasma hadisəsinin dövlət qurumları ilə heç bir əlaqəsi yoxdur. Məlum olub ki, üst mərtəbədə yaşayan sakin 115-ci mənzildə radiatora özbaşına müdaxilə edib və məhz bu texniki səhlənkarlıq nəticəsində sızma baş verib. Yəni ortada nə tikintidə nöqsan, nə də dövlət qurumlarının məsuliyyətsizliyi var — məsələ sırf fərdi səhlənkarlıqdan ibarətdir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən də rəsmi qaydada bildirildi ki, Füzuli şəhəri bina 5, mənzil 112-də baş vermiş subasma hadisəsi ilə bağlı daxil olan müraciət əsasında aparılan araşdırma göstərib ki, subasma mənzil 112-dən deyil, üst mərtəbədə yerləşən mənzil 115-də radiatora sakin tərəfindən edilən kənar müdaxilə nəticəsində baş verib.

Qeyd edilib ki, mühəndis-kommunikasiya sisteminə edilən bu özbaşına dəyişiklik barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə məlumat verilməyib. Test zamanı sistemə su verildikdə zədələnmiş radiatorun açılması nəticəsində su həmin mənzillə yanaşı, aşağıdakı mənzilə də axıb. Hadisədən dərhal sonra zərərçəkmiş və məsuliyyət daşıyan sakin Xidmət tərəfindən qəbul edilib və məsələnin mahiyyəti onlara izah olunub. Zərərin müvafiq olaraq onu törədən şəxs tərəfindən qarşılanmalı olduğu bildirilib.

Rəsmi cavabdan da məlum olur ki, subasma hadisəsi tikinti işlərinin keyfiyyəti ilə bağlı deyil və bunun dövlətə heç bir aidiyyəti yoxdur. Vətəndaşların hər xırda problemə görə dövləti ittiham etməsi, video müraciətlər paylaşması doğru deyil. Hər kəsin özünün tikdiyi və təmir etdiyi evdə belə xırda problemlər yarana bilər. Vətəndaş hər şeyi dövlətin üstünə atmamalıdır. 

Təəssüf ki, bəzi vətəndaşlar bunu etmirlər. Mövzunu araşdırmadan, faktları dəqiqləşdirmədən dərhal dövləti ittiham etməyə başlayırlar. Daha sonra isə müəyyən dairələr bundan məqsədli şəkildə istifadə edərək dövlətin Qarabağ siyasətini gözdən salmağa cəhd edirlər. Dövlətimizin Qarabağda qısa zaman kəsiyində etdiklərini görməzdən gəlirlər. Axı dövlətimiz illərlə dağıdılmış torpaqlar dirçəldir, şəhərlər yollar salır, məktəblər, xəstəxanalar, təhsil və sosial obyektlər, yaşayış kompleksləri inşa edir.

Ayrı-ayrı vətəndaşların şəxsi məsuliyyət dairəsinə aid texniki nasazlıqları dövlət siyasətinə qarşı ittiham alətinə çevirməsi isə ədalətsizlikdir!

Buna nə ad qoyaq? Böyük Qayıdışa kölgə salmaq, yoxsa vətəndaş ərköyünlüyü?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar