Kahramanmaraşdakı zəlzələlərdə 117 şagirdindən 92-sini itirən müəllim Metin Acıpayam kədərini ifadə edərək deyib: "Hər il noyabrın 24-də ağrımız təzələnir. 92 nəfəri, bu ölkənin gələcəyinin 92-sini itirdik". Acıpayam qəbiristanlıqları ziyarət edərkən 24 şagirdinin hələ də itkin düşdüyünü söyləyib.
Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Kahramanmaraşda yaşayan müəllim Metin Acıpayam 6 fevral zəlzələsində həyatını itirən 97 şagirdinin olduğu qəbiristanlığı ziyarət edib. Acıpayam zəlzələ zamanı uşaqlarla birlikdə ən böyük ağrını yaşadıqlarını və 24 noyabr Müəllimlər günündə ürəklərinin yandığını bildirib.

Müəllim Acıpayam deyib: "Uşaq bir ölkənin gələcəyidir. 92 gələcəyimizi itirmişik. Hər il 24 noyabr və 6 fevralda onların məzarlarını ziyarət edirik. Onların xatirələrini yaşatmağa çalışırıq. Dağıntılardan qalan dəftərləri, qələmləri və kitabları kiçik bir muzeydə nümayiş etdirmək üçün hazırlayırıq. Valideynlərdən sonra bu ağrını ən çox müəllimlər çəkib. Çünki müəllimlər uşaqların həyatında ikinci yerdədirlər. Müəllimlər gününü kədərlə qeyd edirik".

Zəlzələdən bir müddət əvvəl ölüm haqqında şeir yazmaq istəyən şagirdlərindən birinin hekayəsini danışan Acıpayam deyib: "Mənim o cocuğum gözəl bir şeir yazmışdı. Ədəbiyyatımızda ölüm şairi olan Cahit Sıtkı nümunə göstərdim. 6 fevral hadisəsi göstərdi ki, həmin uşaq təkcə şeiri yazmayıb, həm də ölümü öz gözləri ilə yaşayıb. Başqa bir şagirdimiz zəlzələ zamanı mənə bir mesaj göndərib soruşdu: "Müəllim, yaxşısan?" O, çox dəyərli idi. Biz onu dağıntıların altından çıxardıq, amma ayağını itirdi. Təxminən 15 gün sonra vəfat etdi".

Müəllim vurğulayıb ki, onlar zəlzələdə ailələrini itirən və kimsəsizlər üçün qəbiristanlıqda dəfn olunmaq təhlükəsi ilə üzləşən çoxsaylı uşaqlar üçün mübarizə aparırlar: "Bu uşaqların valideynlərini tapmaq və qeydlərini əldə etmək üçün çox çalışdıq. Onların adı olan qəbiristanlıqda dəfn olunduğunu görməkdən məmnun olduq. Rəsmi qeydlərdə qeyd olunmayan 24 itkin düşmüş uşaq var. Biz onları tapa bilmədik, nə də dövlət qeydlərində qeydə alınıblar. Biz hələ də onlar üçün mübarizə aparırıq".