Dərd gələndə batmanla gəlir. Bu səhər son günlər ard-arda baş verən (Yasamaldakı yanğın və 4 nəfəri elektrik vurması) hadisələrin fonunda "AFEN Plaza"dakı partlayış xəbərini oxuyanda bu deyimi xatırladım.
Lent.az partlayış baş verən ərazidən reportajı təqdim edir.
Hadisə yerindəyəm. FHN əməkdaşları, media, polis - hamısı buradadır. Ətrafa yığışan insanlar binanın şüşəsi çiliklənmiş pəncərələrinə və o pəncərələrdən küləyin sovurduğu pərdə jalüzlərinə tamaşa edirlər. Binanın qarşısı girişin qadağan olunduğunu bildirən qırmızı lentlə sarılıb.

Xəsarət alanlar var. 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Həmkarlarım əllərində mikrofon, kamera, fotoaparatla hadisə yerindən görüntülər götürür, qeydlər aparır, “stand-up”lar hazırlayırlar. "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev yanğının səbəblərindən danışır:

“Partlayış baş verən binada qaz olmayıb. Burada yolda işlər gedir. Ərazidən qaz xətti keçir. Tikintidə işləyən traktorlar xətti zədələyiblər”.
Hadisənin şahidlərini axtarıram. Yetərincə həyəcanlı görünən gənc oğlana yaxınlaşıram. Öyrənirəm ki, o özü də bu binada işləyirmiş. Daha ətraflı öz dilindən oxuyaq:

“Biz burada iş yerlərinin attestasiyasını aparırıq. Ofisdə oturmuşduq. Dəhşətli bir partlayış oldu. Bina silkələndi. Nə olduğunu başa düşmədik. Qapını açan kimi içəri toz-torpaq doldu. Deyirlər ki, binanın qaşısındakı traktorlar qaz xəttini zədələyiblər, ona görə olub. Əslində, ola bilər. O işçilər çox kobud işləyirlər. Daha əvvəl elektrik xətti çəkmişdilər, onu zədələdilər, xətt qırılıb düşmüşdü yerə”.
FHN və “Azərişıq”ın əməkdaşları ərazidə araşdırma aparır, qaz sızmasının mənbəyini tapmağa çalışırlar.
Foto - İlkin Nəbiyev © APA GROUP