Avropa Parlamenti keçmiş üzvü və Reform UK partiyasının Uels şöbəsinin keçmiş rəhbəri Neytan Qill 10 il altı ay həbs cəzasına məhkum edilib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o,
Rusiyanın Avropa Parlamentində maraqlarını müdafiə etmək müqabilində qanunsuz ödənişlər qəbul etdiyinə görə cəzalandırılıb.
Verilən hökmün açıq bir xəbərdarlıq olduğu vurğulanıb: xarici dövlətlərin Britaniya siyasətçilərinə rüşvət yolu ilə təsir göstərmək cəhdlərinin qarşısı alınacaq.
Qilin fəaliyyəti ilə bağlı istintaq 2021-ci ilin sentyabrında başlayıb. İstintaq onun Mançesterdən Moskvaya uçuşu ilə başlayıb: hava limanında axtarış aparıldıqdan sonra siyasətçinin telefonunda Viktor Medvedçukla yaxından əlaqəli olan “Müxalifət platforması - Həyat naminə” partiyasından o vaxtkı Ali Rada deputatı Oleq Voloşinlə yazışmalar aşkar edilib.
Daha sonra, Rusiyanın Ukraynaya tammiqyaslı işğalından əvvəl Voloşin ölkədən qaçıb və bildirilir ki, hazırda Rusiyadadır.
Polis siyasətçinin telefonunu müsadirə edib, evində axtarış aparıb və külli miqdarda avro və dollar nağd pul, eləcə də Voloşinlə əlaqəsini təsdiqləyən dəlillər aşkar edib.
İstintaq müəyyən edib ki, Qill Rusiyapərəst mövqeləri təşviq etmək üçün Ukraynanın keçmiş deputatı vasitəsilə ödənişlər alıb. Hüquq-mühafizə orqanları onun mətbuatda və Avropa Parlamentində bəzi yerlərdə Voloşinin göndərdiyi mətnlərlə tamamilə üst-üstə düşən ictimai açıqlamalarını aşkar edib.

Sentyabr ayında 52 yaşlı Qill Avropa Parlamentinin üzvü olduğu 2018-ci ilin dekabrından 2019-cu ilin iyuluna qədər Rusiya ilə əlaqəli səkkiz korrupsiya ittihamı üzrə günahını etiraf edib.
Hakim Bobbi Çima-Qrabb hökm çıxararkən Qillin eqoist sbəblərdən hərəkət etdiyini, vəzifəsindən şəxsi mənfəət üçün istifadə etdiyini və bununla da onu seçən xalqın etimadına xəyanət etdiyini bildirib.
Qill 2019-cu ildən 2020-ci ildə Brexitə qədər Böyük Britaniyanı Avropa Parlamentində təmsil edib. Voloşin özü 2022-ci ildən bəri Böyük Britaniyanın sanksiyaları altındadır.