Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından ziyarətçilər tərəfindən böyük marağa səbəb olan unikal eksponatlardan biri bürüncdən hazırlanmış, üstündə süvari fiquru olan masaüstü saatı yer alır.
Lent.az-ın xəbərinə görə, XIX əsrin ortalarına aid bu sənət əsəri Avropa istehsalıdır. Tanınmış fransız heykəltəraşı Phillipe Mourey (1840-1910) və dövrün perfeksianist saatsazı Samuel Marti tərəfindən Avropa mozaika texnikasında ərsəyə gətirilmiş bu sənət əsəri unikallığı ilə seçilir. Qeyd edək ki, saatın korpusunu Phillipe Mourey, mexanizmini isə Samuel Marti hazırlamışdır.
Malaxitdən olan yaşıl rəngli hissə və kiçik müxtəlif formalı tunc elementlərin zərb olunması saata xüsusi gözəllik verib. Bədii tökmə texnologiyası ilə hazırlanmış saat oyma elementləri ilə bəzədilib.
Mütəxəssislərin verdiyi məlumata əsasən saatın arxa hissəsində yazılan- PH MOUREY 62" yazısı onun hazırlanma vaxtının 1862-ci ilə təsadüf etdiyini bildirir. Saatın hündürlüyü 72sm, eni isə 64 sm-dir.
Eksponat hazırda muzeyin “Şərq” zalında nümayiş olunur.