Müğənni Roza Zərgərli “Bakı 2015” Avropa Oyunlarında uğur qazanmış bir neçə idmançını bir araya toplayaraq iftar süfrəsi açıb. Lent.az-ın məlumatına görə, gecədə “Var ol, çempion” mahnısına çəkdiyi klipi də təqdim edib. İfaçı bildirib ki, ekran işində Avropa Oyunlarının qızıl medalçıları Ayxan Mamayev, Firdovsi Fərzəliyev, Ayxan Tağızadə, bürünc medal mükafatçısı Niyazi Əliyev rol alıb: ““Bakı-2015” Azərbaycan tarixində böyük iz qoydu. İdmançılarımızın qələbəsi bizi də çox sevindirdi. Mən də Oyunlara öz töhfəmi vermək istədim. Məhz buna görə də bu klipi ərsəyə gətirdik”.
Qeyd edək ki, sözləri Zabir Əliyev, musiqisi Sahil Əliyevə məxsus “Var ol, çempion” adlı bəstənin rejissorluq işini müğənni özü edib. Gecədə xalq artisti Canəli Ələkbərov, müğənnilər Afaq Aslan, Nicat Məhərrəmov, Sevinc Ağaşirinova, xanəndə Abgül Mirzəyev, aparıcı Vüsalə Kərimova və başqaları iştirak edib.