<b>Röyanın son konsertindəki geyimi səs-küy yaratdı:</b> <span style="color:red;">“Son dəbdir”... “məsuliyyət daşımırıq”
01 fevral 2014 18:00 (UTC +04:00)

Röyanın son konsertindəki geyimi səs-küy yaratdı: “Son dəbdir”... “məsuliyyət daşımırıq”

Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında “Mənəm” adlı konserti zamanı vulqar geyimdə səhnəyə çıxması birmənalı qarşılanmayıb. Lent.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə bir neçə gündür geniş müzakirələr açılıb.

 

Görəsən, ölkəmizin bir nömrəli sarayında ifaçıların geyim tərzi tənzimlənirmi?

 

Lent.az-ın sualını cavablandıran Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə ifaçıların geyim tərzinə qarışmadıqlarını bildirib: “Biz yanvarın son günlərində sarayımızı konsert təşkilatçılarının ixtiyarına vermişik. Röyanın geyiminə və  digər hərəkətlərinə məsuliyyət daşımırıq”.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Lent.az-a açıqlamasında analoji fikirlər səsləndirib: “Biz demokratik cəmiyyətdə yaşayırıq. Belə geyim tərzi ifaçının öz seçimidir”.

 

Hümbətov Heydər Əliyev Sarayının əsasnaməsində ifaçıların geyim tərzi barədə bəndin yer almadığını da əlavə edib. 

 

Röya Ayxanın mətbuat katibi Türkan Məmmədli isə Lent.az-a deyib ki, bu, ilin ən dəbli geyimidir: “Dünyanın bütün məşhur müğənniləri bu üslubda geyinirlər. Röyanın geyimi modelyer Səbinə Hüseynova tərəfindən dünya standartlarına uyğun hazırlanıb və üzərində xeyli iş görülüb. Müğənninin özü də səhnədə konserti zamanı geyiminin çox bahalı və əziyyətli əsər olduğunu deyib”.

 

Röyanın vulqar geyiminə gəldikdə, Məmmədli “O, səhnəyə gələndən belə geyim tərzinə üstünlük verib” deyə mövqe bildirib.

 

REDAKSİYADAN

 

Sən demə, Röyanın əynindəki (?) "ilin ən dəbli geyimi" imiş. Bu fotolara diqqətlə baxın. Daha dəqiqi Röyanın əynindəkilərə. Röya  “dünya standartlarına” uyğun hazırlanmış bu geyimdə ölkənin bir nömrəli sarayından konsert verib. İndi kim zəmanət verə bilər ki, sabah və ya biri gün kimsə ölkənin bir nömrəli sarayında “dünya standartlarına” uyğun “son dəblə” soyunmasın?

Və bunun məsuliyyətini kim daşıyacaq? Axı biz demokratik cəmiyyətdə yaşayarıq...

 

 

# 10413
avatar

Oxşar yazılar