Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 50 yaşlı Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış istintaqla 58 yaşlı Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
***
14:58
Mayın 3-də axşam saatlarında 50 yaşlı Sabunçu rayonu, Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 58 yaşlı Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.
Araşdırılmalar davam etdirilir.