Rusiyanın Tula vilayətində kişi sevgilisini qısqanıb və tanışını bıçaqlayaraq öldürüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 30-da səhər saatlarında Plavski rayonundakı yanacaqdoldurma məntəqəsinin ərazisində baş verib. Həmin şəxslər Azərbaycan vətəndaşlarıdır və artıq Rusiya vətəndaşlığını qəbul ediblər.
Məlumata görə, onlar arasında mübahisə qısqanclıq zəminində baş verib. Kişi sevgilisini digərinə qısqanıb. Mübahisə zamanı o, bıçağı çıxararaq qarşı tərəfin baş, boyun və gövdə nahiyəsindən çoxsaylı zərbələr endirib.
43 yaşlı kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. Qısqanc kişiyə gəlincə, 36 yaşlı azərbaycanlı qətldə ittiham olunub və müstəntiqin tələbi ilə istintaq təcridxanasına göndərilib.
Cinayət işinin istintaqını Plavski Rayonlararası İstintaq İdarəsi aparır. Müstəntiqlər hadisənin bütün hallarını müəyyən edərək, bir sıra istintaq hərəkətləri həyata keçirirlər. Artıq hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, bütün zəruri ekspertizalar təyin edilib.
İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir ki, təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib.