Moldovada “Summer Fest” musiqi festivalında çıxış etməli olan Azərbaycan əsilli qazaxıstanlı reper Cah Xalibin (əsl adı Bəxtiyar Məmmədov) konserti ləğv edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tədbir təşkilatçıları bildiriblər ki, konsertin ləğv olunması son hadisələr və xəbərlərlə bağlıdır:
“Mürəkkəb logistika və məxfi faktorlara görə qərarı daha əvvəl rəsmi olaraq elan edə bilmədik”.
Onlar həmçinin qeyd ediblər ki, belə bir tədbirin təşkili böyük səy və uzun hazırlıq tələb edir.
“Zorakılıqsız Həyat” Milli Koalisiyası və aktyor Katalin Lunqu Cah Xalibin Kişinyovdakı çıxışını ləğv etməyə çağırıb. Onlar reperi zorakılığa haqq qazandırmaqda ittiham ediblər – 2022-ci ildə podkastların birində Məmmədov qadınların “yanlış yerdə, yanlış geyimdə, yanlış zamanda” cinsi zorakılığa məruz qalması fikri ilə razılaşıb”.