Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Məclis.info” saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə İmran Əliyevin 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il, (ümumi rejimli) Elgiz Qəhrəmanlının 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il (ciddi rejimli), iş üzrə digər təqsirləndirilən Tamella Musayevanın 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il sınaq müddəti olmaqla 7 il şərti azadlıqdan məhrum edilməsinə hökm edib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında İmran Əliyevin 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il, Elgiz Qəhrəmanlının 11 il, Tamella Musayevanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.