Bir milyonçudan varlı olmağın sirrini soruşmuşlar. Sirri açmasa da, biznes barədə məsləhəti belə olub: Yumurtaların hamısını eyni səbətə yığmayın. Ağıllı adamlar yüksək rifah halında yaşamaq üçün yatırımlarını müxtəlif sahələrə qoyurlar. Bu məsləhətdən incəsənət sahəsində çalışıb tanınan simalar daha uğurla istifadə edirlər. Çünki şöhrət əbədi deyil, nə qədər ki, ad sənə qazanc gətirir, onu yeni qazanc mənbələrinə çevirmək lazımdır. Görək dünyada və Azərbaycanda məşhurların əlavə qazanc yeri nələrdir? Lent.az təqdim edir.
Aktrisa Bergüzar Korelin İstanbulun Cihangir səmtində şirniyyat mağazası var. Bu yer həm də kafe kimi fəaliyyət göstərir.
Tuba Büyüküstün serial və filmlərdən əldə etdiyi bütün gəliri iki şirkətə yatırıb. O anası və atası ilə birlikdə qurduğu şirkətin xaricdə şöbələrini açıb. Gözəl aktrisa qazancının bir hissəsini daşınmaz əmlak investisiyalarına da xərcləyir.
Muazzez Ersoy İstanbulun Maltəpə səmtində kababxana sahibidir.
Var- dövlətinin çox hissəsini qumar masalarında uduzan Sərdar Ortaç əlində olan vəsaitlə qəlib emalatxanası və səsyazma studiyası alıb.
Engin Günaydın da qazancını daşınmaz əmlaka yatırır. İstanbuldan başqa, onun doğma şəhəri Tokat Ərbaada da çoxlu daşınmaz əmlakı var.
Qazandığı pulları daşınmaz əmlaka yatıran Kənan İmirzalıoğlunun Cihangirdə çoxlu sayda villası var.
Aktrisa Rojda Demirer böyük bacısı Ruken Demirer ilə şokolad sexi açıb. İstanbulun Nişantaşı rayonunda yerləşən şokolad mağazasında öz məhsullarını satırlar.
Məşhur olmadan əvvəl qabyuyan da daxil olmaqla bir çox iş görən Ersin Qorqud Beşiktaşda məhəllə kafesi açıb.
Türkiyənin Divası Bülent Ersoy gəlirinin bir hissəsini tikinti texnikası almağa yönəldib. O göydələnlərin tikintisi üçün iş kranları alıb, icarəyə verir.
Kıvanç Tatlıtuğ aldığı bahalı avtomobilləri və avtomobil qalereyası ilə tanınır. Onun sərmayə qoyduğu digər sahə daşınmaz əmlakdır.
Pınar Altuğ və həyat yoldaşı gəmilər üçün tekstili istehsal edən şirkətə sahibdirlər. Anasının istəyi ilə açdığı bu firmanın işi çərçivəsində müştərilərin istəyinə uyğun rəng, naxış və parçalar seçərək gəmilərin interyerinə dizayn verir.
Hollivud ulduzları da “qara günlər” üçün çalışırlar.
Jessica Alba kino ilə yanaşı, öz biznesinin də rəhbəri olub. Alba, qızları Honor və Havendən ilhamlanaraq uşaqlar və anaları üçün məhsullar satır.
Elizabet Hurli 400 hektarlıq fermasında yetişdirdiyi orqanik məhsulları bazara çıxarır. Eyni zamanda Hurli bikini və çimərlik geyimi dizayn edir.
Modelyer Victoria Bekham qızı Harper dünyaya gəldikdən sonra uşaq modası ilə də məşğul olur.
Məşhur müğənni Keti Perri təkcə musiqi ilə kifayətlənməyib, kosmetika biznesinə də başlayıb.Perri qadınlar üçün süni kirpiklər istehsal edir.
Gözəl aktrisa Raquel Velc pariklərin dizaynı və satışı ilə məşğul olur.
Robert de Niro kinodakı uğurları ilə kifayətlənməyib, həm də ticarətə başlayıb. O, 20-dən çox ölkədə filialları olan məşhur Nobu restoranının tərəfdaşlarından biridir.
Məşhur tennisçi Mariya Şarapova “Sugarpova” adlandırdığı şirniyyat şirkətinin sahibidir.
Hamının sevimlisi Ceki Çan bir sıra daşınmaz əmlak yatırımları ilə yanaşı tullantılardan plastic və kağız hazırlayan fabrikin sahibidir.
Bizim tanınmışlardan Murad Dadaşovun "Cot’dAzur" adlı şirniyyat evi , Röya Ayxanın moda evi var. Müğənni İlqar Muradov "Fayton" restoranının, Xəyyam Nisanov isə "Litl Smayl" uşaq əyləncə mərkəzinin sahibidir.
Xatirə İslam, Göyçək Fatimə, Xuraman Şuşalı, Nazilə Səfərli xınayaxdı mərasimləri təşkil edirlər.
Adları qoşa çəkilən Rafael və Coşqun "Bu şəhərdə" restoranının sahibidirlər.
"Şeron"un solisti Ülvi "Abşeron" şadlıq evinin , Zamiq Hüseynov ZH kişi geyim dükanının, Niyam Salami əyləncə məkanının sahibidirlər.
Müğənni Nüşabə Ələsgərlinin "Solmaz" qadın gözəllik salonu var.