Bir çox xarici səhnə kollektivlərinin əməkdaşlıqdan imtina etdiyi Rusiyanın Xalq artisti dünya şöhrətli opera müğənnisi Anna Netrebko yaradıcılıq məzuniyyəti götürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, opera divası bununla bağlı dostlarına və pərəstişkarlarına müraciət edib.
“Heç kimə, heç nəyə haqq qazandırmaq fikrində deyiləm, amma bir şeyi aydınlaşdırmalıyam. Mən vətənimə qarşı getməmişəm və getməyəcəyəm və bunun üçün indi hamının bizdən tələb etdiyi yüksək səslə bəyanatlar verməyə ehtiyac yoxdur. Bəs sən bunu dedin, sonra nə? Sən deməsəydin, bəşəriyyətin yarısı sənə nifrət edərdi”, - Anna Netrebko vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Novosibirsk Opera və Balet Teatrı Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı mövqeyinə görə Anna Netrebkonun konsertlərini ləğv edib.
Buna Netrebkonun Rusiya hakimiyyətinə və prezident Vladimir Putinə qarşı sərt ifadələrinin səbəb olduğu bildirilirdi.
Bundan əlavə, Netrebkonun sənətçinin dünya səhnələrindəki çıxışlarına da qadağa qoyulub. Hətta Nyu-Yorkda yerləşən Metropolitan Opera sənətçinin statusunu əlindən alıb. Çünki Anna Netrebko Putinin ən sevimli müğənnisi kimi də tanınır.
Qeyd edək ki, Anna Netrebko xalq artisti, azərbaycanlı tenor Yusif Eyvazovla 2014-cü ildə ailə həyatı qurub. Onlar Netrebkonun ilk nikahından olan oğlu ilə birlikdə Vyanada yaşayırlar.