Xırdalanda evdə 36 yaşlı ananın meyitinin və 2 azyaşlı uşağının halsız vəziyyətdə tapılması ilə əlaqədar bir sıra təfərrüatlar məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə dünən günorta saatlarında şəhərin 27-ci məhəllə deyilən ərazisində, 23-cü binada qeydə alınıb. Əldə etdiyimiz məlumata görə, 36 yaşlı Aytəkin Məmmədova hadisədən əvvəl işdə olan həyat yoldaşına “Whatsapp”da mesaj yazıb. O, yazdığı mesajda uşaqların və özünün turşudan zəhərləndiyini deyib. Evə gələn əri isə artıq FHN əməkdaşlarının qapını açıb içəri daxil olduğunu, arvadının meyitini və halsız vəziyyətdə olan uşaqlarını görüb.
Hazırda meyit yoxlanılması üçün məhkəmə-tibbi ekspertizasının yerli şöbəsinə göndərilib. Uşaqlar isə xəstəxanada müalicə olunur.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
***
Saat: 10:21
Xırdalanda evdə köməksiz qalan qadın və iki azyaşlı uşaq ana-bala olublar.
Bu barədə Lent.az-a FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Saat: 10:01
Abşeron rayonu Xırdalan şəhərində mənzildən 36 yaşlı qadın meyitinin tapılması ilə bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Lent.az xəbər verir ki, iş üzrə zəruri ekspertizalar təyin olunub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
***
Saat: 09:09
Abşeron rayonunun Xırdalan şəhərində ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 36 yaşlı Məmmədova Aytəkin Cəsarət qızının meyitini və 2 nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.