Paytaxtın Səbail rayonunda fevralın 15-də "Əli və Nino" kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.
Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.
***
16.02.2021
Saat:12:36
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin mərkəzi filialı qarət olunub.
Lent.az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli özünün sosial şəbəkə hesabında məlumat verib:
“Hadisə dünən axşam saat 9-da Fəvvarələr meydanındakı filialımızda olub. Üç nəfər filiala daxil olub, biri satıcının başını qatıb. İki nəfər isə işçilərin geyinib-soyunma otağına daxil olaraq, paltarların ciblərini qarət edib. Bundan əlavə, telefon və digər əşyaları da götürüblər”.
Təsisçi oğrulara üzünü tutaraq, hansı hisslər keçirdiyini dilə gətirib: “Bir ofis yaxud filial qarət olunanda nələr keçirdiyimizi anlayarsan. Özü də hadisənin Bakının mərkəzində olması çox acı gəlir. Dünən polisə məlumat verdik və hazırda araşdırmalar aparılır”.