Tanışını güllələdi, meyitini zirzəmidə basdırdı -  "Əmioğlu"nun CİNAYƏT İŞİ  Lent.az-da
21 fevral 2022 20:15 (UTC +04:00)

Tanışını güllələdi, meyitini zirzəmidə basdırdı - "Əmioğlu"nun CİNAYƏT İŞİ Lent.az-da

CİNAYƏT İŞİ

Qısa arayış…

2020-ci il fevralın 22-də Yeganə Mircəfərova əri Zaur Mircəfərovun itkin düşməsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edir. Araşdırma zamanı, Zaur Mircəfərovun yerini müəyyən etmək üçün müvafiq tədbirlərə başlanır. Zaur Mircəfərovla Bakı şəhərinin Binəqədi rayonunda fəaliyyət göstərən saunada olmuş Qalib Əbdürrəhmanov sorğu-sual edildikdə, o etiraf edir ki, qonşusunu Abşeron rayonunda, kirayədə yaşadığı mənzildə tanışı Eldar Cabarov qətlə yetirib. Ayın 25-i gecə saat 1 radələrində Eldar Cabarov Badamdar qəsəbəsində saxlanılaraq idarəyə gətirilir. Axtarış zamanı onun üzərindən 1,182 qram marixuna, 10,380 qram heroin, 3,378 qram tiryək, 8 ədəd psixotrop həb aşkar edilir.

Eldardan götürülən narkotiklər

Dindirilərkən, Eldar Cabbarov aralarında yaranmış mübahisə zamanı tanışı Zaur Mircəfərovu öldürdüyünü və meyitini yarıtikilinin zirzəmisində basdırdığını etiraf edib.

Hadisə yerinə baxış keçirilərkən Eldar Cabarov Abşeron rayonun Masazır qəsəbəsində İlham Nağıyevə məxsus, tikintisi başa çatmayan 2 mərtəbəli evin zirzəmisində Zaur Mircəfərovun meyitini basdırdığı yeri göstərib. Zirzəmi qazılaraq meyit oradan çıxarılıb. Həmin gün saat 20 radələrində Eldar Cabarov qardaşı Təbriz Cabarovla telefonla danışıb, ona tapşırıb ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında bibisi nəvəsi Natiq Xalıqovdan, içində paltarlar və silah olan çamadanı götürsün. Təbriz Cabarov qardaşına məxsus “Makarov” konstuksiyalı tapancanı və 8 ədəd patronu könüllü polisə təqdim edib. Məlum olub ki, silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur.

Öldürülən Zaurun cəsədi
 
Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1977-ci il təvəllüdlü Zaur Mircəfərovun ölümünə - atəş nəticəsində sol ağ ciyərin zədələnməsindən törənən kəskin daxili qanitirmə səbəb olub. Qətli törədən 1970-ci il təvəllüdlü Eldar Cabarov Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 1, mənzil 18-də qeydiyyatda olub. O, 1993-cü, 1994-cü, 2006-cı, 2010-cü illərdə məhkum olunub. Kriminal aləmdə “Əmioğlu” ləqəbi ilə tanınıb. Eldar Cabarov “Nasosnu Etibar” kimi tanınan mərhum kriminal avtoritet Etibar Cabarovun qardaşıdır. Ağır cinayətlərə görə axtarışda olan Etibar əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün məhv edilib.

Lent.az sözügedən qətlin istintaq materiallarını əldə edib:

İstintaq fotosu

İstintaqla müəyyən edilib ki, Eldar Cabarov 2014-сü il iyunun 19-da cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmək məqsədilə qardaşı Təbriz Cabarov, tanışı Şəadət Həsənov və istintaqla şəxsiyyətləri müəyyən edilməyən digər şəxslərlə əlbir olub. O, 2019-cu il sentyabrın 8-də tanışı Eldəniz Səmədova zəng edərək, aldatma yolu ilə yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon, 33 ünvanında yerləşən fərdi evinə dəvət edib. Səmədov inanıb sentyabrın 10-u saat 9 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə həmin ünvana gəlib. Söhbət edərkən avqustun 19-da keçirdiyi doğum günündə iştirak etməməsini bəhanə gətirərək, onu öldürəcəyini bildirib cə həyatının qarşılığında 50.000 manat pul verməli olduğunu deyib. Eldəniz Səmədovda qorxu hissi yaradaraq, hərəkətlərinə inanması üçün pəncərədən, həyətdə dayanmış bir neçə şəxsi göstərib, onların onun sözünü gözlədiyini, razılaşmadığı halda birlikdə onu öldürəcəklərini deyib. Səmədov hədə-qorxunu real qəbul edib, verməli olacağı 50.000 manat pulun qarşılığında, avtomobilini 11.000 manata qiymətləndirərək Cabarovun adına rəsmiləşdirəcəyinə söz verib. Cinayətkar qrupun istintaqa məlum olmayan üzvü ondan nəqliyyat vasitəsinin açarını alıb, salonda paketdə saxladığı 4.350 manat pulu gətirərək ona verib. Qalan 35.000 manat pulu qısa müddət ərzində verməli olduğunu bildirməklə faktiki olaraq oğurlayıb sentyabrın 11-nə kimi evində bağlı otaqda saxlayıb.

Öldürülən Zaurun cəsədi

Bundan başqa, o, öldürmək hədəsi ilə tanışı Zaur Mircəfərova narkotik vasitələrin satışı ilə məşğul olduğunu, buna görə ona haqq verməli olduğunu bildirib. 2019-cu ilin dekabrından 2020-ci ilin fevral ayına kimi müxtəlif ünvanlarda şəxsən özü, axırıncı dəfə isə kirayə yaşadığı Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi bina 27, mənzil 92-də 200 manat pulu Qalib Əbdürrəhmanov vasitəsilə, ümumilikdə 1600 manat pul vəsaitini hədə-qorxu ilə ondan alıb. Zaur Mircəfərovun son günlər tələb etdiyi miqdarda pul verməməsi, zənglərindən qaçıb gizlənməsi səbəbindən onu evinə çağırıb. Ona pulu vaxtında çatdırmadığı üçün “PM” modelli tapança ilə hədə-qorxu gəlib, idarə etdiyi “Mercedes” markalı avtomobili ona verməsini tələb edib. Zaur Mircəfərov buna etiraz etdikdə, əvvəlcə əlində olan yanan siqareti onun alnının sağ hissəsinə basıb, söndürüb. Daha sonra küt əşya ilə üzünə və digər nahiyyələrinə zərbələr vurub. Ardınca ayaq üstə üzbəüz dayanmış Zaur Mircəfərova odlu silahdan bir dəfə atəş açıb, onu qəsdən öldürüb. Üzərindən 370 manat dəyərində 2 ədəd mobil telefonu, dəyəri 1200 manat olan qızıl qol saatını və cibindən 500 manat nağd pulunu götürürək, talayıb. Hadisədən sonra tapançanı cinayətdən xəbərsiz olan Natiq Xalıqovun yaşadığı Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 39 ev 52-yə gətirib, orda gizlədib.

Qətli törətməkdə təqsirləndirilən Eldar Cabbarov istintaqa nələri deyib?

İş üzrə dindirilmiş Eldar Cabarov bildirib ki, 2014-cü ildə azadlığa çıxandan sonra, Rusiyaya gedərək Moskva şəhərində yaşayıb. Zaur Mircəfərovla təxminən 2015-2016-cı illərdə Moskvada tanış olub:

Eldar Cabarov

“Zaura meyvə-tərəvəz bazarında işini qurmağa köməklik etmişəm. 2019-cu ilin dekabr ayında, yəni, hadisədən 2 ay əvvəl Zaurun Bakıda olduğunu biləndən sonra onunla əlaqə saxladım. Bir-iki dəfə görüşdük. Qalib Əbdürrəhmanovla da onun vasitəsilə tanış olmuşam. Zaur mənə Qalibi əvvəl “Dəvəçili Koba” kimi təqdim edib. İlahə Babayeva ilə də 2020-ci ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində tanış olmuşuq, onunla qeyri-rəsmi yaşayırdıq. Fevralın 21-i saat 22 radələrində Qalib mənə zəng vurub, saunada istirahət etdiklərini dedi. Məni da ora çağırdı. Amma mən, imtina edərək, yanımda qadın olduğunu dedim. Yarım saatdan sonra Qalib təkcə Sumqayıt şossesi 7-ci km, bina 1-də kirayədə yaşadığım mənzilə gəlmişdi. Çay içərkən, Qalib Zaurla aralarında pul söhbəti olmasını, Zaurun onun pulunu verməməsini dedi və məndən kömək istədi. Qalib Zaura zəng edib deyib ki, ticarət mərkəzinin yanına gəlsin. Bu söhbət İlahənin yanında olub. Fevralın 22-i gecə saat 2 radələrində mən, Qalib və İlahə Zaurla görüşüb, onun idarə etdiyi avtomobilə əyləşdik. Rahat danışmaq üçün onun Masazırda, “Yeni Bakı” kompleksində kirayə tutduğu evə yollandıq. Qalib dedi ki, tanış etdiyi iranlıdan Zaur pul alıb, qaytarmadığı üçün problem yaranıb. Zaur əsəbi halda “iranlı bilər mən bilərəm” deyəndə, səsinin tonunu aşağı salmasını bildirdim və əlimin arxası ilə ona şillə vurdum. Zaur ayağa durub, əlini belinə atdı və bıçaq çıxardı. Qalib araya girib bizi sakitləşdirməyə çalışdı. Qarşımı kəsdiyi üçün Zauru görə bilmirdim. Elə bu anda Zaur əlimdəki tapançanı iki əli ilə tutmuşdu. Qəflətən güllə açılaraq onun ürək nayihəsinə dəydi. Zaur dərhal yerə yıxıldı, 3-4 dəfə gözlərini açıb yumdu və keçindi. İlahə güllə səsini eşidərək, yataq otağından qonaq otağına gəldi. Hadisə təxminən səhər saat 7 radələrində olmuşdu. Zaurun meyiti döşəmədə, arxası üstə uzanmış vəziyyətdə idi. Qalib və İlahə ilə birlikdə evdən çıxdıq. Həmin gün axşam saat 22 radələrində meyitin qaldığı mənzilə yollandım. Kirayədə qaldığım binanın yaxınlığında, yarımtikili evi görəndə qərara gəldim ki, həmin evin zirzəmisində meyiti basdırmaq üçün qəbir qazım. Gecə saat 2 radələrində kirayə qaldığım mənzilə qalxaraq, masanın üstündən mərhumun avtomobilinin açarını götürüb yenidən həyətə düşdüm və maşını blokun qabağına sürdüm. Yuxarı qalxaraq, meyiti mələfəyə bükdüm və tək onu liftə salaraq, aşağıya düşürdüm. Onu maşının qabaq sağ sərnişin oturacağına yerləşdirərək, yarımtikiliyə gətirdim. Avtomobildən çıxarıb, sürütləyərək cəsədi qazdığım yerə atdım və üstünü torpaqla örtdüm. Maşını həmin yerə gətirib, olduğu kimi saxladım. Maşının nömrələrini çıxarıb, baqajda olan tentlə avtomobilin üstünü bağladım. Yol kənarında dayanan taksilərin birinə əyləşib, “Qurd dərəsi” bağlar massivi istiqamətinə getdim. Çıxardığım maşın nömrələrini su kanalına atdım. Ticarət mərkəzi ilə üzbəüz qaldığım mənzilə gedərkən pəncərədən Zaurun mobil telefonunu tulladım. Zaura məxsus bıçağı evdə, zibil qabına atmışdım”.

Zaurun meyitinin basdırıldığı yer

Eldar fevralın 24-də İlahə ilə Bakıda, Badamdar qəsəbəsində olanda polis əməkdaşları tərəfindən orada saxlanılıb. Tutulandan sonra hadisənin baş verdiyi ünvanı, Zaurun meyitini basdırdığı yeri könüllü polislərə etiraf edib. Eldar Cabarov qeyd edib ki, Zaur Mirəcəfərovdan haqq almayıb və aralarında ədavət olmayıb. Söhbət zamanı o, Zaurun Qalibdən götürdüyü 20.000 manat pulu tələb edib:

“Zaur bıçaq çıxaranda Qalib onu tutub saxlasaydı mən də odlu silaha əl atmazdım. Bu hadisənin səbəbkarı Qalibdir. Zauru öldürmək niyyətim olmayıb, hadisə yerində olan İlahənin və Qalibin qətldə heç bir rolu yoxdur".

İstintaq fotosu

Eldar Cabarov Eldəniz Səmədovla 2009-cu ildə 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olub. Eldənizin orada problemi, yəni 50.000 manatdan yuxarı pul borcu yaranıb. Həmin borcu da o, üzərinə götürüb. 2014-cü ildə azadlığa sıxdıqdan sonra Səmədov tez-tez onun 21-ci mikrorayondakı evinə gəlib-gedib. Eldənizdən onun əvəzinə qaytardığı borcunu istədikdə, tanışı Yasamal rayonunda yerləşən evi və torpağı 35.000, idarə etdiyi “Mersedes” markalı avtomobili 15.000 manata dəyərləndirərək, bu yolla ümumilikdə 50.000 manat pulunu qaytarmaq fikrində olub:

“2019-cu il sentyabrın 10-da Səmədov evimə gəldi. Söhbət əsnasında  razılaşdıq ki, səhər notariat kontora gedəcəklər və o, nəqliyyat vasitəsini adıma keçirəcək. Eldəniz gecə evimdə qaldı. Ayın 11-də Qeydiyyat-İmtahan şöbəsinə yollandıq. Avtomobili özüm idarə edirdim, Eldəniz, qardaşım Təbriz Cabarov və tanışım Şəadət Həsənov arxada əyləşmişdi. Ora çatdıqda maşının sənədlərini tanışımdan götürdüm, Şəadət və Təbrizlə şöbəyə daxil olduq. Bir müddətdən sonra şöbədən çıxdıqda, Eldənizin xəbər etmədən, çıxıb, getdiyini gördüm. 2019-cu ilin dekabr ayında Şəadət mənə zəng edib, maşına müştəri tapdığını dedi. Tağıyev qəsəbəsində
görüşərək, bütün sənədləri avtomobili alan şəxsə verdim. Eldənizi tapa bilmədiyim üçün etibarnaməni mənə sonra verəcəyini bildirdi. Maşını 11.000 manata satdım”.

Zaurun meyitinin basdırıldığı yarımtikili

Avtomobil axtarışda olduğu üçün bir müddətdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb
 
Zərərçəkmiş şəxsin hüquq varisi Yeganə Mircəfərova ifadəsində göstərib ki, fevralın 21-i saat 23 radələrində həyat yoldaşı Zaur Mircəfərov qonşusu Qalib Əbdürrəhmanovla saunaya gedəcəyini, ona dəsmal və paltar hazırlamasını istəyib:

“Səhər Qalibdən Zaurun harda olmasını soruşdum, mənə dedi ki, saunadan çıxandan sonra ərimi Xırdalanda düşürüb, evinə gedib. Yoldaşımın itkin düşməsi ilə bağlı polisə müraciət etdim. Fevralın 25-də qaynım Təbriz Mircəfərov bilib ki, Zauru tapançadan atəş açmaqla Eldar Cabarov öldürüb. Yoldaşımın avtomobilini polislər həmin şəxsin yaşadığı binanın həyətində tapıblar”.

Qətl olan ev

Yeganə Mircəfərovanın Zaurun narkotik maddələrdən istifadə etməsindən, satmasından və  Eldar Cabarovla münasibəti olmasından məlumatı olmayıb.
 
Zərərçəkmiş Eldəniz Səmədov ifadəsində göstərib ki, hazırda törətdiyi oğurluq əməlinə görə cəza çəkir. Eldar Cabarovun cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxtlar nüfuzuna bələd olduğu üçün ondan çox qorxub: “2019-cu ilin sentyabr ayında Eldar məni təhqir edərək bildirdi ki, ad gününə getmədiyim üçün digər şəxslərin yanında ona qarşı hörmətsizlik etmişəm. O, mənə "sən məni saymamısan, ya mənə 50.000 manat pul verəcəksən, ya da ki, səni öldürəcəm" dedi. Eldar məndən maşının açarını və mobil telefonumu aldı, qardaşı Təbriz isə avtomobildən götürdüyü evin açarını  və 4.500 manat pulu gətirib Eldara verib. Səhəri gün regional şöbənin həyətində olarkən, Təbrizin fikrinin yayınmasından istifadə edib, ordan uzaqlaşdım”.

Şəadət Həsənov, İlahə Babayeva və Təbriz Cabbarov

Zərərçəkmiş qeyd edib ki, onun Eldar Cabbarova pul borcu olmayıb. Onun sözlərinə görə, Eldar telefonunu və maşınının açarlarını onun razılığı olmadan götürüb:

“Telefonumu əlimdən ona görə aldı ki, məni evdə saxladığı barədə polisə məlumat verməyim. Telefonumu yalnız Yol Polisinin şöbəsinə gedəndə mənə qaytardı. Maşını qardaşım Firdovsi Səmədov fevral ayının əvvəllərində Yasamal rayonunda “İnşaatçılar” metrosunun yanında tapıb və bu barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat verib”.
 
Şahid Təbriz Mircəfərov bildirib ki, fevralın 22-də DİN “102” Qaynar Xətt əlaqə mərkəzinə zəng edib qardaşı Zaur Mircəfərovun evdən çıxdığını və geri qayıtmaması barədə məlumat verib. Bununla əlaqədar onu Sumqayıt şəhər 2-ci Polis Bölməsinə dəvət edərək, izahatını alıblar:

“Səhəri gün, Qalib Əbdürrəhmanov zəng edib, məni bağ evinə çağırıb və orda dedi ki, Zauru Sumqayıt sakini Eldar Cabbarov odlu silahla öldürüb. Həmin gün Qalibin sözləri əsasında Zaurun qətlə yetirildiyi ünvana Abşeron və Sumqayıt polisinin əməkdaşları ilə birgə getdim. “Yeni Bakı” yaşayış kompleksi ev 27 mənzil 92-in qapısı bağlı olduğundan FHN-nin əməkdaşları dəvət olunaraq qapı açılıb. Lakin mənzildə qan izləri, qardaşıma aid hər hansı bir əşya aşkar edilmədi. Qardaşıma məxsus maşını həyətdə tapdıq. Eldar Cabbarov saxlanılandan sonra Zaurun meyiti basdırıldığı yerdən qazılaraq, çıxarılıb”.

Zaurun basdırılan cəsədi
 
Şahid Qalib Əbdürrəhmanov ifadəsində göstərib ki, kriminal aləmə meylli Eldar Cabarovu dostu Zaur Mircəfərovun vasitəsi ilə tanıyıb. Onların münasibəti gərgin olub:

“Fevralın 21-də söhbət əsnasında Eldar Zaura qəzəblənərək, əlində tutduğu siqareti üzərinə atdı. Zaur da cavab olaraq əlini şalvarının arxa hissəsinə apardı. Eldar Zaurun bıçaq çıxaracağını zənn edərək, öz növbəsində tapança çıxararaq ona istiqamətləndirmişdi. Bu zaman mən araya girərək Eldardan tapançasını yığışdırmağı xahiş etdim., Zaur isə onun əlindən silahı almağa çalışırdı. Mən qorxub, kənara çəkiləndə Eldar tapançadan atəş açdı. Zaur divara söykənməklə, yarı yıxılmış vəziyyətdə qaldı. Qorxumdan əvvəl hadisə barədə heç kimə heç nə danışmamışdım, lakin sonradan Təbrizə qardaşının qətlə yetirildiyini dedim”.
  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Cabarov ilk 4 ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8709
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30