Narkotik almağa gələnlər iki uşaq atasını öldürdü – Bakıdakı faciənin TƏFƏRRÜATI
13 iyul 2022 20:15 (UTC +04:00)

Narkotik almağa gələnlər iki uşaq atasını öldürdü – Bakıdakı faciənin TƏFƏRRÜATI

CİNAYƏT İŞİ 

Qısa arayış...

2020-ci il noyabrın 25-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü İntizam İsmayılov Xətai rayonu Neapol dairəsi yaxınlığında bıçaqlanıb. O, “Azərsutikinti”nin xəstəxanasına yerləşdirilsə də, orada ölüb. Ərazi üzrə 35-ci Polis Bölməsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə və üzbəüz yerləşən supermarketin kamera görüntülərinə baxış keçiriblər.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işinin sənədi

Noyabrın 30-da 1991-ci il təvəllüdlü Rahib Abdullayev könüllü bölməyə gələrək, təslim olub. Dekabrın 7-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Ruslan Abdullayev tanışının evində tutularaq, istintaqa təqdim edilib.

Abdullayev qardaşları əvvəllər məhkum olunublar.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 25-i saat 21 radələrində General Şıxlinski küçəsi, 1 ünvanına narkotik maddə almaq üçün gedən Rahib Abdullayev qardaşı Ruslan Abdullayevə zəng edib, bina sakinləri ilə aralarında mübahisə yarandığını deyib. Bunu eşidən Ruslan tanışları ilə ora gəlib, üzərində gəzdirdiyi bıçağı həmin məhəllədə yaşayan İntizam İsmayılova, İsgəndər Qəhrəmanova, Mehman Quliyevə və qeyrilərinə göstərərək, iradını bildirib.

İstintaq fotosu

Başlanan kütləvi dava zamanı Rahib Abdullayev beşbarmaqdan silah qismində istifadə edərək İntizam İsmayılovun alın nahiyəsinə, sonra da Mehman Quliyevin üz nahiyəsinə zərbələr vurub. Ruslan Abdullayev isə İntizam İsmayılova və İsgəndər Qəhrəmanova bıçaqla xəsarətlər yetirib. Nəticədə İsmayılov xəstəxanada dünyasını dəyişib.

İş üzrə dindirilmiş Ruslan Abdullayev bildirib ki, noyabrın 25-i saat 21 radələrində evə gedərkən qardaşı Rahib zəng edərək onu “Neapol” dairəsinin yaxınlığına çağırıb:

“Yaxınlıqda, “Ukrayna” dairəsi tərəfdə olduğumdan təxminən 5 dəqiqədən sonra piyada ora çatdım. Yolda Rəşad Məmmədov və digər tanışlarıma zəng edib onları köməyə çağırdım. Rahib telefonla danışanda ona qarşı hörmətsizlik edən şəxslərin çox olmasını qeyd etmişdi. G.Şıxlinski küçəsi 6 ünvanına, supermarketin yanına çatanda yolun kənarında Rahib mənə yaxınlaşdı. Dedi ki, evin blokunda Valeh adlı tanışını gözləyərkən, məhəllədə yaşayan başqa şəxslər nə səbəbə görə ora gəlmələrini soruşublar. Aralarında nisbətən iri vücudlu, sonradan adının İntizam olmasını bildiyim şəxs qardaşımla kobud rəftar edib. Rahiblə Valehin həmin həyətdə nə işləri olmasından xəbərim yox idi. Onların yanında olan şəxslər özləri ilə taxta və dəmir borular götürmüşdülər. Onlar tərəfdən dəqiq neçə nəfər olmasını və  silah qismində istifadə etdiyi əşyaları haradan götürmələrini bilmirdim. Üzərimdə qatlanmayan bıçaq olub, onu daim belimdə gəzdirirdim. Rahibin əlində beşbarmaq var idi. Qardaşım və tanışlarımla Şıxlinski küçəsi, 1 ünvanına doğru qalxdıq. Qarşı tərəfdən də bəzilərinin əlində bıçaq olmasını güman etdiyimdən, sağ əlimdə tutduğum bıçaqla onlara yaxınlaşdım. Mənim qardaşımı kim vurub, burda saxlayıb soruşanda İntizam İsmayılov qabağa keçib “mən saxlamışam, yaxşı eləmişəm” dedi. Rahib dərhal beşbarmaqla İntizamın üzünə zərbə vurdu. Bundan sonra kütləvi şəkildə dava başladı. İntizam əlindəki bıçaqla döş qəfəsimə zərbə yetirməyə çalışanda, sağa çəkilib bıçağımla onun sol ayağına xəsarət yetirdim. Zərbədən İsmayılov qışqırdı, ayağından qan gəlməyə başladı. Kimsə Rahibin belindən dəmir boru ilə vurdu. Sonra hamısı qaçıb müxtəlif istiqamətdə dağılışdılar. Marketlə üzbəüz yolun kənarında İsgəndər Qəhrəmanov çatıb əlindəki alətlə məni vurmaq istədi. Cəld aşağı əyildim və İsgəndərin ayağına bıçaqla zərbə vuraraq qaçdım. Daha sonra nə baş verməsindən xəbərim olmadı. Müxtəlif küçələrdə, binaların zirzəmisində, damlarında yatıb gizlənirdim.

Dekabrın 5-də və 6-da keçmiş məhkum yoldaşım Aftandil Qasımovun Nobel prospektində yaşadığı evində gecələdim. Ona yalandan ailə üzvlərimlə dalaşıb evdən getdiyimi dedim. Bıçağı oxuduğum 17 nömrəli orta məktəbin yaxınlığında yerə basdırdım. Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoldaşımın evində saxlanıldım”.

Ruslan Abdullayev əlavə edib ki, Rahib Abdullayevin ölüm hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Cinayəti qardaşı yox, özü törədib. Əməlindən peşmandır.

Rahib Abdullayev

Təqsirləndirilən Rahib Abdullayev bildirib ki, noyabrın 25-i saat 20:30-da “Neapol” dairəsinin yaxınlığında təsadüfən Valeh Bayramovla rastlaşıb. Onun kimi narkotik vasitələrdən istifadə edən Valeh heroin tapmağa ona kömək etməyini xahiş edib:

“Valeh pulu olmadığını bildirdikdə, ona 30 manatımın olduğunu, özümün də narkotik maddə istifadə etmək istədiyimi dedim. Tanışımla G.Şıxlinski küçəsində yerləşən market istiqamətinə getdik. Məqsədim Vüsal adlı şəxsi tapmaq idi. 1 nömrəli binanın 1-ci blokunun qarşısında dayanıb, onu gözləməyə başladıq. Oradan keçən Nicat adlı tanışım yaxınlaşıb, bizimlə söhbət edirdi. Təxminən 5 dəqiqədən sonra həmin məhəllədə yaşayan 6-7 nəfər yaxınlaşdı. Blokun qarşısında niyə dayandığımızı soruşdu. Onlara sadəcə söhbət etdiyimizi dedim. İntizam adlı oğlan kobud tərzdə Vüsalın yanına gəlib-gəlməməyimi soruşdu.

Vüsalı gözlədiyimizi söyləyəndə, tez Vüsala zəng elə, gör hardadı dedilər. Artıq mənə qarşı hörmətsizlik etdiklərini gördüm. Vüsala zəng etmək adı ilə kənara çəkildim və simkartımı Valehin telefonuna taxaraq, qardaşım Ruslana zəng etdim. 6-7 nəfərin bizi məhəllədən getməyə qoymadıqlarını bildirib, qardaşımı çağırdım.

Valeh Bayramov

Saat 21 radələrində Ruslanla əlaqə saxlayıb harada olmasını soruşanda o, artıq marketin qarşısında olduğunu dedi. Həmin şəxslərə yalandan Vüsalı götürüb gələcəyimi söylədim. Qısa müddətdə Ruslanın yanına tanışları Şahmar, Orxan və digər şəxslər gəldilər. Ruslan qabaqda gedirdi, təxminən 10-15 nəfər tanışları da onun arxasınca yuxarıya doğru Şıxlinski küçəsindəki binaların kəsişməsinə getdilər. Beşbarmaqla ilk zərbəni İntizama mən vurdum. Ardınca yanımda olan adını bilmədiyim şəxsin üzünə də xəsarət yetirdim. Dərhal sonra dava başladı. Qaranlıq olduğundan və ara qarışdığından kimin kimə xəsarət yetirməsini görmədim. Ruslan əlindəki bıçaqla İntizamın ayağına bir dəfə zərbə endirdi. Hadisədən sonra polis tərəfindən axtarıldığımı bildiyim üçün qardaşımla əlaqə saxlamadım. Ruslanın harada gizlənməsindən xəbərim yox idi.

Hadisədən sonra xatırlamadığım yerdə beşbarmağı və mobil nömrəmi qırıb tulladım. Ayın 29-da evə zəng edib hər şeyi atama danışdım və təslim olmaq istədiyimi bildirib. Səhərisi gün 35-ci Polis bölməsinə gedib, törətdiyim cinayəti etiraf etdim”.

Qətldə istifadə edilən bıçaq

Zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə İsmayılova ifadəsində göstərib ki, qətlə yetirilmiş İntizam İsmayılovla 2016-cı ildə rəsmi qaydada nikaha daxil olub, iki övladları dünyaya gəlib:

“Vaxtaşırı yaşadığımız ünvanda, bloklarda və həyətdə sakinlər narkotik maddə qəbul edən şəxslərin istifadə etdikləri iynələri tapsalar da, bunun qarşısını heç cür ala bilmirdilər. Noyabrın 25-i saat 19 radələrində İntizamın dostu Rauf Məmmədov zəng edib onu kafeyə çörək yeməyə çağırdı. Saat 20:30-da zəng edib harda olmasını soruşanda, ərim məhəllədə olduğunu və bir azdan gələcəyini dedi. Az sonra həyətdən səs-küy eşitdim.

Eyvandan çölə baxanda, yolun kənarında olan şəxslərin bir nəfəri aparıb avtomobilə mindirmələrini gördüm. Az sonra polis əməkdaşları evimizə gəlib İntizamın baş vermiş davada iştirak etdiyini və xəsarət alaraq, xəstəxanaya aparıldığını bildirdilər”.

İntizam İsmayılovun yaralanan ayağı

Fəridə İsmayılova əlavə edib ki, taksi sürücüsü işləyən yoldaşı özünü qorumaqdan ötrü mütəmadi açılıb-bağlanan bıçaq gəzdirib. 

Zərərçəkmiş İsgəndər Qəhrəmanov ifadəsində göstərib ki, noyabrın 25-də eyni binada yaşayan dostları İntizam İsmayılov, Mehman Quliyev və Valeh İsmayılovla söhbət edəndə 1-ci blokun girəcəyində əvvəllər tanımadıqları 3 nəfərin dayandıqlarını görüblər:

“Az sonra dostlarım Emil, Rauf, Müşviq və Elçində məhəlləyə gəldilər. Mehman Quliyev 3 nəfərdən bu binada yaşayıb-yaşamamalarını, habelə kimə qonaq gəlmələrini soruşdu. Onlar 1-ci blokda 6-cı və ya 7-ci mərtəbədə qalan Vüsal adlı şəxsi gözlədiklərini bildirdilər. Harada qalmaqlarını soruşduqda onlar N.Tusi küçəsində, 62 nömrəli avtobusun sonuncu dayanacağı tərəfdə yaşadıqlarını dedilər. Əynində qara rəngli şalvar və köynək olan şəxs Vüsala zəng etdiyini və onun 15 dəqiqəyə gələcəyini söylədi. Həmin müddət ərzində normal tərzdə, mübahisə olmadan ünsiyyətdə olduq. 15-20 dəqiqədən sonra Rahib Abdullayev Vüsalın gəldiyini deyib blokdan çıxdı və marketə doğru getdi. Valeh Bayramov bizim yanımızda qaldı. Narkotik vasitə istifadə etdiklərini anlayıb onları və ya Vüsalı polisə təhvil vermək fikrində idik. Marketin ətrafında yavaş-yavaş insanların toplaşmasını, “Nissan” markalı avtomobilin gəlib orda dayanmasını gördük. Məqsədimiz həmin şəxslərlə mübahisə etmək deyildi. Həyətimizə yığışan narkomanları saxlayıb polisə təhvil vermək istəyirdik. Təxminən 10-15 nəfər bizə yaxınlaşdı və qısa mübahisədən sonra dava başladı. Hər şey ani olduğundan Ruslan Abdullayevin İntizam İsmayılovu bıçaqla vurmasını görmədim. Dostum qışqıraraq məni bıçaqla vurdular dedi. Qaranlıq olduğundan hücum edən şəxslərin üzlərini görmədim. Bəzilərinin əllərində dəyənəklər var idi. Əlimdəki kiçik dəmir parçasını sağa-sola yellədərək, özümü müdafiə edirdim. Dostum Elçini yerdə uzanmış vəziyyətdə gördüm. İntizamın bıçaqla vurulmasını bilib aşağıya doğru həmin şəxslərin arxasınca qaçdım. Ruslan Abdullayevə çataraq onu tutub saxlamaq istədim.

Hadisə olan ərazi

Lakin Ruslan bıçaqla sol ayağıma zərbə vurub qaçdı. Həmin an ağrı hiss etmirdim. İntizam İsmayılovu yoldan təsadüfən keçən “Mercedes” markalı avtomobilə mindirib yaxınlıqda yerləşən “Azərsutikinti” xəstəxanasına aparsaq da, o, aldığı xəsarətdən öldü”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Abdullayev 18 il, Rahib Abdullayev isə 3 il müddətinə azadlıqdan məhrum olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11283
avatar

Mehman Nəbiyev

Oxşar yazılar