“Dikiy Arman” kimi tanınan kriminal avtoritet Arman Cumaqeldiyev
və onun qruplaşması Qazaxıstanda kütləvi etirazlar zamanı 24 nəfəri qaçırmaqda ittiham olunur.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Xüsusi Prokurorluq Xidmətinin rəhbəri Rizabek Ojarov məlumat verib.
Prokurorluğun məlumatına görə, oğurlananlar şiddətli döyülüb, onlardan biri ölüb. Bundan əlavə, Cumaqeldiyevin dəstəsi Alma-Atadakı xəstəxanada şiddətli döyülən polis zabitinin silahlarını götürüblər.
“Bu faktlarla bağlı cinayət işlərini araşdırırıq”, - Ojarov vurğulayıb.
O, həmçinin bildirib ki, Cumaqeldiyev hazırda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) istintaq təcridxanasında saxlanılır.
“Dikiy Arman”ın başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin 6 üzvü yanvarda Alma-Ata polisinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Hakimiyyət Cumaqeldiyevi Qazaxıstanda iğtişaşların təşkilində şübhəli bilir.
Qeyd edək ki, "Dikiy Arman" azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın dostu olub. Bununla bağlı sosial şəbəkələrdə xeyli fotolar yerləşdirilib. Hətta Antalya şəhərində qətlə yetirilən azərbaycanlının qəbri üstünə "Dikiy Arman" əklil də göndərib.