Bakıda narkotiklərin satışı ilə məşğul olanlara qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseyov tutulublar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Yasamal rayon Polis İdarəsinin əməkdaşları da narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin satışı ilə məşğul olan Kənan Dadaşov və Həsən Həsənov saxlanılıblar. Kənan Dadaşovdan 2 kiloqram 525 qram heroin, 9 qram metamfetamin, Həsən Həsənovdan isə 195 qram heroin və 10 qram metamfetamin aşkar olunub.
Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamil Nəzərov saxlayıb. Onun üzərində baxış keçirilən zaman 600 qram heroin və 120 qram metamfetamin aşkar edilib.
Qeyd edək ki, adları sadalanan 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edərək satışını təşkil etməyə çalışıblar. Onlar ifadələrində xaricdəki narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.