Bakının Xətai rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, xəbər verildiyi kimi, fevralın 15-də saat 5 radələrində Xətai rayon ərazisində 34 yaşlı İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 34 yaşlı əvvəllər məhkum olunmuş Famil İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.