Azərbaycanda törədilən dəhşətli cinayıtin üstü açılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 2017-ci il yanvarın 27-də itkin düşməsi faktına görə Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu il dekabrın 20-də dayandırılıb.
Bu il martın 7-də iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri keçirilib.
İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb. Meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.
Bu il martın 16-da meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.
Martın 17-də Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.