<b>Yaşıl meydandakı qəribə adamlar: “dezo” yayan, şirin çörək yeyən, öpüşən, söz atan... – <span style="color:red;">ONLUQ </b>
02 oktyabr 2014 17:48 (UTC +04:00)

Yaşıl meydandakı qəribə adamlar: “dezo” yayan, şirin çörək yeyən, öpüşən, söz atan... – ONLUQ

İngiltərədə azarkeşlər stadionlara dincəlməyə yollanır. Futbol ingilislər üçün əsl istirahətdir. Təsəvvür edin ki, “Dumanlı Albion”da azarkeşlərin stadionlarda abunə yerləri mövcuddur. Bu öz yerində, üstəlik, ingilislərin qoldan sonra “Yeah” qışqırığı da unudulmazdır. Bu cür misalları çox sadalamaq olar. Bəs bizdə vəziyyət necədir? Hə, bizim azarkeşlər sözün bütün mənalarında unikaldırlar. Məncə, azərbaycanlı azarkeşlərin təsnifatını aparmaqda fayda var. Elə isə başlayaq.

 

 

Stadionda dezinformasiya yayan azarkeşlər – Bu kateqoriyaya aid azarkeşlər bir qayda olaraq, ağına-bozuna baxmadan elə hey goplayırlar.

 

Məsələn, 2007-ci ildə “Neftçi” ilə Avstriyanın “Rid” komandasının matçında “dezo” yaymağa həvəsli azarkeşlər “Qalatasaray”dan yaxşı tanıdığımız Saşa İliçin “Rid”də oynadığını bəh-bəhlə qeyd edirdilər. Bəli, İliç həmən ərəfədə Avstriya çempionatında top qovurdu, amma “Zaltsburq”un heyətində.

 

Daha bir nümunə. 1999-cu ildə Bakıda Azərbaycan-Portuqaliya oyununda yaxınlığımda çox məzəli bir kişi əyləşmişdi. Kişi böyründə oturan cavan oğlana elə beləcə də deyirdi:

 

- Bizimkilər “Lokomotiv” Nijni-Novqorod klubunda oynayan Sışkovu (çox güman oyunçunun adı Sıçkov idi, amma kişi Sışkov deyirdi) yığmaya gətirəcək. Anası azərbaycanlıdı Sışkovun, “polnı” milliləşdirmək olar. 

 

Vallah, odu-budu “Lokomotiv” Nijni-Novqorod klubuna aid materialları ələk-vələk elədim, bu Sışkovun adına rast gəlmədim ki, gəlmədim. Amma insafən, belə azarkeşləri kənardan izləmək insana həzz verir. Dünyada yalandan şirin nə var axı?

 

Dövlət himnini bilməyən azarkeşlər – himnimizi bilməyən azarkeşləri bu yazıda xatırlamamaq günah olardı. Himni bilməyənlər “danışmaq gümüşdürsə, susmaq qızıldır” deyimini elə hey qulaq ardına vurur. Gah yalandan dodaqlarını tərpədirlər, gah da gözləri onun-bunun ağzında gəzir ki, bir-iki kəlmə söz oğurlasınlar. Amma yenə də, yuxarıdakı el deyiminə əməl etməkdə bilmərrə fayda var.

 

Tez-tez ayağa qalxıb arxadakılara problem yaradan azarkeşlər – belə azarkeşlər adətən, 20-25 yaşında olur. Təsadüfdənmi, ya zərurətdənmi onların da arxasında yaşlı kişilər oturur. “Ay bala, qadan alım, aşağı otur”un biri bir qəpikdən sağa-sola xərclənir.

 

Futboldan anlayışı olmayan, amma dostlarının, qohumlarının dəvəti ilə stadiona gələn azarkeşlər – bu kateqoriyadan olan yoldaşları stadionlara dəvət etmək məsləhət deyil. Niyə? Çünki 90 dəqiqə ərzində duzsuz sualları ilə futbolu insana haram edirlər. Məsələn, onlar “Qarabağı”ın oyununda Reynaldonun adını eşidib, sizə “Bu, həmən Ronaldodur?” sualını ünvanlasa heç təəccüblənməyin. Bir də, onlar tez-tez “Bu futbolçunun maaşı nə qədərdir?”, “Bu futbolçu haralıdır?” kimi suallarla da insanı təngə gətirməyi bacarırlar.

 

Biletində göstərilmiş yerdə əyləşməyən azarkeşlər – bu cür azarkeşlər elə düşünürlər ki, biletləri varsa, ürəkləri harda istədi orda da otura bilər. Belə azarkeşlər sizin yerinizdə oturubsa və siz onları məsələdən agah etmək istəyirsinizsə, çi fayda. O zaman özünüzə zəhmət vermiş olursunuz. Onların cavabları dünəndən hazırdır: “Ay kişi, nə fərqi var e, stadiondu da. Ha burda otur bax, ha orda”.

 

Stadiona şirin çörək yeməyə gələn azarkeşlər – futbol şirin çörək sevdalısı olanlar üçün lap göydən düşmə olur. Elə bil zalım uşağı, məktəbdən sonra şirin çörəyə həsrət qalıb. Sanki stadionda şirin çörək yeməklə “şirin çörəksiz illər”in əvəzini çıxırlar. Futbola baxa-baxa şirin çörək yeyən azarkeşlər yalnız Azərbaycanda olsa gərək.

 

Qol sevincindən sonra tanımadığı insanları öpən azarkeşlər – bu cür azarkeşlər adətən, komplekssiz olur. Azarkeşlik etdiyi komanda qol vurandan sonra sevinclərinin həddi-hüdudu olmur. Belə azarkeşlər qol sevinclərini asayiş keşikçiləri – polislərlə qeyd etməkdən belə çəkinmirlər.

 

Stadiondakı əsgərlərlə məzələnən azarkeşlər – nizamnamə gərəyi hərəkət edən əsgərlərə söz atan azarkeşlərimiz də yox deyil. Bu cür azarkeşlər bir qayda olaraq, əsgərləri “Neçə günün qalıb?” ruhunda suallarla təngə gətirir.

 

Ağır təbiətli azarkeşlər – onları ancaq qol vurulan zaman sevinən görmək olur. Adi vaxtlarda onlar üçün sağda-solda atılıb düşən azarkeşlər “bambılı” təsiri bağışlayır.

 

Stadiona uşaqla gələn azarkeşlər – belə azarkeşlər uşaqlarını məcburi gətirir stadiona. Uşaqlar uğultuya dözməyib, ağlayanda, evə istəyəndə isə ətrafdakıların yanında pərt olmamaq üçün gətirdikləri bəhanə belə olur:

 

- Evdə başımı xarab edir ki, məni futbola apar. İndi də ağlayır. Ay əclaf, özün gəldin də...

 

Təsnifatı xeyli uzatmaq olar: içkili azarkeşlər, stadionda qız görən anda özünü itirən azarkeşlər, söyüş söyən azarkeşlər, oyuna pul qoyan azarkeşlər, stadiona bayraqla şəkil çəkdirməyə gələn azarkeşlər və sair.

 

Ümidvaram ki, ifrata varmadan azarkeşlərimizin təsnifatını apara bildim.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2624
avatar

Fərid Mirzəyev

Oxşar yazılar