“Qrupda son oyunumuzdu. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu. Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyunla bağlı olsun. Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq”.
Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə “Roma” ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı oyundan öncə baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Nə qədər belə turnirlərdə çox iştirak etsək, futbolçularda inam da artacaq. Komanda daha yaxşı oyun göstərməyə çalışacaq. Böyük şansımız var ki, öz potensialımızı tam göstərək. Çünki təzyiq altında deyilik. Sona kimi mübarizə aparmağa və özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Biz bu qrupa düşəndə hamının fikri o idi ki, xal toplaya bilməyəcəyik. “Atletiko”dan 2 xal ala bildik. “Böyük beşlik” ölkələrinin komandalarının Bakıya gəlməsinin özü böyük uğurdu. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu, azarkeşlərimiz böyük təcrübə qazandı”, deyə Q.Qurbanov qeyd edib.