Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizə davam edir. Apasport.az saytı xəbər verir ki, A qrupunda yarışan Azərbaycanın U-16 yığması növbəti oyununu keçirib.
Samit Quluzadənin yetirmələri qrup mərhələsinin son matçında Malta komandasıyla qarşılaşıblar. Görüş basketbolçularımızın böyük hesablı qələbəsiylə yekunlaşıb – 81:33. Komandamızın heyətində Papuna Kirtadze 16 xalla oyunun ən məhsuldar oyunçusu olub.
Beləliklə, Azərbaycan millisi qrupda 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə basketbolçularımızın rəqibi A qrupunun birincisi - Moldova seçməsi olacaq. Həmin qarşılaşma iyulun 23-də keçiriləcək.