İkili standartlar:  Avropa Parlamentinin siyasi korroziyası
16 sentyabr 2026 11:27 (UTC +04:00)

İkili standartlar: Avropa Parlamentinin siyasi korroziyası

0

Siyasətdə ən ağır suallardan biri budur: eyni prinsip niyə bir dövlətə münasibətdə sərt, digərinə münasibətdə isə yumşaq tətbiq olunur? Və yaxud heç tətbiq olunmur. Beynəlxalq hüquq hamı üçün eynidirsə, ərazi bütövlüyü universal prinsipdirsə, separatizm pisdirsə, işğal qəbuledilməzdirsə, onda bu meyarların coğrafiyadan və siyasi maraqlardan asılı olaraq dəyişməsi nəylə izah oluna bilər? Prezident İlham Əliyevin müsəlman dini xadimləri ilə görüşündə səsləndirdiyi fikirlərdən çıxan əsas suallar məhz bunlar idi və bu, Azərbaycan tərəfinin illərdir beynəlxalq platformalarda irəli sürdüyü fundamental iradların bir hissəsidir. Çünki bir tərəfdə Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğal altında saxlaması, yüz minlərlə azərbaycanlının öz evindən didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması ilə bağlı böyük tarixi və humanitar reallıq var. Digər tərəfdə isə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə hadisələrə əsasən Azərbaycanın hərəkətlərinin prizmasından yanaşılması görünür. İndi Bakının əsas arqumenti ondan ibarətdir ki, əgər ərazi bütövlüyü prinsipdirsə, o prinsip Ermənistanın Azərbaycan ərazilərinə münasibətində də eyni qətiyyətlə gündəmə gəlməli idi. Əgər separatizm beynəlxalq təhlükədirsə, eyni siyasi dillə pislənməli idi. Əgər məcburi köçkünlərin hüquqları fundamental insan hüquqlarıdırsa, onlar kimliyindən asılı olmayaraq eyni həssaslıqla müdafiə olunmalı idi.

Məhz buna görə Avropa institutlarının mövqeyi Azərbaycan cəmiyyətində vaxtaşırı suallar doğurur. Əgər bu institutlar insan hüquqları, demokratiya və hüququn aliliyini öz fəaliyyətlərinin təməli hesab edirsə o zaman bu dəyərlər siyasi yanaşmalardan üstün tutulmalıdır. Lakin problem ondadır ki, Avropa institutlarının müxtəlif mərhələlərdə Qarabağ məsələsinə yanaşması çox vaxt hüquqi prinsiplərdən daha çox siyasi kontekstə bağlanıb. Belə vəziyyətdə “universal dəyər” anlayışı öz inandırıcılığını itirib. Belə ki, Avropa Parlamentinin sonrakı sənədləri gərginliyi daha da dərinləşdirib. Məsələn, 2024-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə də Azərbaycana qarşı sanksiya tətbiq etmək tövsiyə olunub. Eyni sənəddə Azərbaycanın Naxçıvanla əlaqələrinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində həll edilməli olduğu vurğulanıb. Bu məqamda təbii sual yaranır: bəs Azərbaycanın ərazi bütövlüyü? Bəs Azərbaycanın işğal olunmuş ərazilərində illərlə mövcud olmuş separatçı struktur? Bəs yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq hüququ? Bəs dağıdılmış şəhərlər və kəndlər? Bəs işğal nəticəsində yaranmış humanitar fəlakətin siyasi qiyməti? Azərbaycan tərəfinin narazılığı məhz bundan qaynaqlanır ki, bu sualların hər biri Avropa siyasi diskursunda eyni ağırlıqla səslənmir. Əslində, bu, Avropanın özünün elan etdiyi dəyərlər baxımından ciddi paradoksdur. Əgər beynəlxalq hüququn aliliyi əsasdırsa, siyasi simpatiya hüquqi prinsipi əvəz etməməlidir. Əgər insan hüquqları əsasdırsa, həmin hüquqların müdafiəsi milli mənsubiyyətə görə dəyişməməlidir. Bəli, ikili standartlar ən təhlükəli siyasi korroziyadır. Çünki onlar yalnız bir ölkənin etirazına səbəb olmur, beynəlxalq institutlara inamı aşındırır. Əgər bir gün işğalçı ilə bağlı başqa, işğala məruz qalanla bağlı başqa dildə danışılırsa, sabah həmin institutların “ədalət”, “hüquq” və “demokratiya” haqqında dediyi sözlərin heç bir əhəmiyyəti qalmır.

Avropa Parlamentinə münasibətdə daha bir mühüm məsələ var. Bu da onun reputasiyası ilə bağlıdır. Prezident İlham Əliyev də çıxışında bu qurumda baş verən korrupsiya qalmaqallarına və islamofob yanaşmalara diqqət çəkdi. Həqiqətən də Avropa Parlamentində “Qatargate” qalmaqalı kimi hadisələrin baş verməsi əsl rüsvayçılıq idi və bu hadisələr göstərdi ki, Avropa institutları da şəffaflıq və korrupsiya risklərindən kənarda deyil, hətta bu risklər onun özündə formalaşır. İslamofobiya məsələsi də bu kontekstdə ayrıca diqqət tələb edir. Prezident İlham Əliyevin çıxışı mövzunu yalnız Azərbaycan-Avropa münasibətləri çərçivəsindən çıxarır. Söhbət daha geniş problemdən – Qərb siyasi məkanında İslam dünyasına münasibətdə formalaşan zərərli stereotiplərdən gedir. Azərbaycan isə özünü bu qarşıdurmanın tərəfi kimi deyil, sivilizasiyalararası dialoqun platforması kimi təqdim edir. Burada Azərbaycanın mesajı kifayət qədər aydındır: İslam dünyası Avropaya qarşı deyil, ədalətsizliyə qarşıdır. Türk dünyası Avropaya qarşı deyil, ikili standarta qarşıdır. Azərbaycan Avropa ilə əməkdaşlığa qarşı deyil, siyasi mühakimədə selektivliyə qarşıdır.

Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra yaranmış yeni reallıq Avropa üçün də bir seçim yaradıb. Ya köhnə siyasi stereotiplər qorunacaq, ya da yeni regional reallıq qəbul ediləcək. Cənubi Qafqazda sülh prosesinin davamlı olması üçün tərəflərə münasibətdə balanslı yanaşma lazımdır. Azərbaycan və Ermənistan arasında sülh sənədinin perspektivi də məhz qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərindən aparılır. Bu baxımdan Avropa institutlarının qarşısında ən mühüm vəzifə Azərbaycana təzyiq göstərməkdən əvvəl öz fəaliyyətlərinə nəzər salmaqdır. Çünki təzyiq diplomatiyanın alternativi deyil. Siyasi ədalət isə yalnız bir tərəfin davranışlarını qiymətləndirməklə yaranmır. Ədalət hər iki tərəfə eyni yanaşmanın tətbiqindən başlayır. Nəzərə almaq lazımdır ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Qarabağ məsələsində hərbi-siyasi reallıq dəyişib, dövlət suverenliyi bərpa olunub, Böyük Qayıdış prosesi həyata keçirilir və regionun gələcəyi haqqında yeni siyasi gündəm formalaşır. Bu prosesdə Azərbaycanın məqsədi Avropa institutları ilə qarşıdurma yaratmaq deyil, Bakı bərabərhüquqlu dialoq tələb edir. Avropa Şurası da, Avropa Parlamenti də başa düşməlidir ki, Cənubi Qafqazda sülhə xidmət edən mövqe tərəflərdən birinin siyasi himayəçisi olmaq deyil. Sülhə xidmət edən mövqe hüququn, ərazi bütövlüyünün və qarşılıqlı məsuliyyətin eyni standartla müdafiəsidir.

Yunis ORUCOV

əməkdar jurnalist

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar