Ekskavatorla qazıb yarım kilometrlik borunu  oğurladı - BALAKƏNDƏ ŞOK OLAY
15 sentyabr 2026 17:56 (UTC +04:00)

Ekskavatorla qazıb yarım kilometrlik borunu oğurladı - BALAKƏNDƏ ŞOK OLAY

0

Balakəndə kanalizasiya borularını oğurlayan saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə Balakən şəhəri, 28 May küçəsində qeydə alınıb.

Rayon sakini olan 39 yaşlı Füzuli Əhmədov (şərti adla) idarə etdiyi ekskavatorla həmin küçə ilə hərəkətdə olarkən İdman Kompleksinin yaxınlığında beton boruların torpağın altından üzə çıxdığını görüb. Füzuli düşünüb ki, kanalizasiya sistemi dəyişdirildiyi üçün artıq bu borular da oradan çıxarılacaq. Buna görə də həmin beton boruları özü çıxararaq, satıb qazanc əldə etmək fikrinə düşüb. Beləcə, özünün ekskavatoru ilə torpağı 1 metr qazaraq, Su Melorasiya Xidmətinin balansında olan uzunluğu 498 metr olan 320 millimetrlik azbest borularını oğurlayıb. Nəticədə dövlətə 9341 manat ziyan vurub.

Faktla bağlı F. Əhmədov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, istintaq dövründə dəymiş ziyandan 8381 manat və məhkəmə zamanı isə 300 manat ödəyib. Yerdə qalan pulu da ödəyəcək. O, bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Füzuli Əhmədov 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin qərara əsasən, o, gecə saat 23:00-dan səhər saat 7-dək yaşadığı evi, cəza müddətində isə Balakən rayonunu tərk edə bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar