Dənizdə heç kimin yaşamayacağı  ada tikilir
15 sentyabr 2026 18:10 (UTC +04:00)

Dənizdə heç kimin yaşamayacağı ada tikilir

0

Belçika sahillərindən təxminən 45 kilometr aralıda, Şimal dənizinin ortasında səkkiz futbol meydançası böyüklüyündə süni enerji adası inşa olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Şahzadə Elizabet Enerji Adası” adlandırılan layihəni Belçikanın elektrik şəbəkəsi operatoru “Elia”  həyata keçirir.

Ada hər birinin çəkisi təxminən 22 min ton olan 23 nəhəng beton kessondan inşa edilir. Maraqlıdır ki, burada insanlar yaşamayacaq. Adanın əsas məqsədi gələcəkdə Belçikanın dənizdə yerləşəcək külək elektrik stansiyalarında istehsal olunan enerjini toplamaq və sualtı kabellərlə materikə ötürməkdir.

Hər bir beton kessonun uzunluğu təxminən 58 metr, eni 28 metr, hündürlüyü isə konstruksiyadan asılı olaraq 23-32 metr arasında dəyişir. Bu nəhəng bloklar Niderlandın Vlissingen limanında beş mərhələli xüsusi istehsal xəttində hazırlanıb. Bir kessonun tam hazırlanması təxminən 85 gün çəkir.

2026-cı ilin yanvarında sonuncu kessonun istehsalı başa çatdırılıb və suya buraxılıb. Hazırda bloklar dənizdə son quraşdırmadan əvvəl tamamlanma işlərinin aparılması üçün “Scaldia” terminalına daşınır.

Kessonlar sadəcə suya buraxılıb batırılmayacaq. Onlar qismən suya salınmış vəziyyətdə yedəklənərək quraşdırılacaq əraziyə aparılacaq. Həmin ərazidə xüsusi gəmilər əvvəlcədən qayalıq əsas üzərində fundament hazırlayıb.

Bloklar lazımi mövqeyə gətirildikdən sonra onların daxilinə qum doldurulacaq. Bununla da ağır konstruksiyalar aşağı enərək hazırlanmış əsas üzərində sabitləşəcək.

İlk batırılma mərhələsi 2025-ci ilin aprelində iki kessonla başlayıb. İşlər oktyabrda dayandırılıb və hava şəraiti imkan verdiyi halda 2026-cı ilin yazında davam etdirilməsi nəzərdə tutulub.

Ümumilikdə quraşdırma prosesinin iki il davam edəcəyi bildirilir. Qış aylarında Şimal dənizində güclü fırtınalar səbəbindən işlərə fasilə veriləcək. Bir kessonun limandan çıxarılaraq son nöqtədə quraşdırılması və bərkidilməsi təxminən 24 saat çəkir.

Layihənin Avropanın enerji sistemi üçün strateji əhəmiyyət daşıdığı vurğulanır. Süni ada ayrıca elektrik enerjisi istehsal etməyəcək, əsasən böyük enerji paylayıcı mərkəz funksiyasını yerinə yetirəcək. Onun infrastrukturu yüksək gərginlikli dəyişən və sabit cərəyan sistemlərini birləşdirəcək.

Ada “Şahzadə Elizabet zonası” adlandırılan və sahəsi 285 kvadratkilometr olan ərazidə yaradılacaq yeni dəniz külək elektrik stansiyalarından gələn sualtı kabelləri bir mərkəzdə birləşdirəcək.

Bu ərazidə ümumilikdə 3,5 giqavatadək külək enerjisinin istehsalı planlaşdırılır. İstehsal olunan elektrik enerjisi daha sonra yüksək ötürmə qabiliyyətinə malik kabellərlə materikə çatdırılacaq.

Beləliklə, Şimal dənizinin ortasında insanların yaşamadığı, lakin milyonlarla insanın enerji təminatında mühüm rol oynaya biləcək nəhəng süni ada formalaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar