Həftəsonu bir qədər çox yatmaq yüksək qan təzyiqi riskini azaltmağa kömək edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Universitetinin alimləri bu qənaətə təxminən 41 min insanın məlumatlarını araşdırdıqdan sonra gəliblər. İştirakçılar yeddi il ərzində izlənilib.
Araşdırmaya görə, şənbə və bazar günləri təxminən 1 saat 27 dəqiqə əlavə yatanlarda yüksək təzyiq riski 9 faizə qədər aşağı olub. Ümumilikdə həftəsonu daha çox yatanlarda hipertoniya riski 6 faiz az müşahidə edilib.
Alimlər bunu belə izah edirlər: yuxusuzluq ürək və damar sisteminə əlavə yük yaradır. Həftəsonu əlavə yuxu isə orqanizmin bir qədər bərpa olunmasına imkan verir.
Amma çox yatmaq da faydalı deyil. Araşdırmada həftəsonu dörd saatdan çox əlavə yatanlarda yüksək təzyiq riskinin əksinə artdığı görülüb. Mütəxəssislər bunun yuxu rejimini və bioloji ritmi poza biləcəyini bildirirlər.
Həkimlər böyüklərə gündə orta hesabla 7-9 saat yatmağı tövsiyə edirlər. Həftəsonu bir qədər artıq yatmaq faydalı ola bilər, amma bu, fiziki aktivliyi əvəz etmir.