Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
31 oktyabr 2026 11:23 (UTC +04:00)

Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu

0

Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında paylaşım edərək cinayət işinin yenidən araşdırıldığını açıqlayıb.

Hadisə 2007-ci il avqustun 1-də Mersinin Akdeniz rayonunun Bahçe məhəlləsində baş verib. Həmin ərazidə yerləşən evdə yaşayan kirayəçi həyətdə siçovulların qeyri-adi hərəkətliliyini müşahidə edib. Bundan şübhələnən şəxs beton örtüyü sındırmağa başlayıb. Bu zaman ətrafa yayılan kəskin pis qoxunu hiss edərək polisə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları beton örtüyü tamamilə dağıtdıqdan sonra torpağa basdırılmış soyuducu aşkarlayıblar. Soyuducunun içərisindən mumiyalaşmış vəziyyətdə kişi meyiti tapılıb.

Ölkə gündəmində böyük əks-səda doğuran hadisə həmin dövrdə “Mumiya meyit” cinayəti kimi tanınıb.

Aparılan DNT ekspertizası nəticəsində meyitin 2001-ci ildə itkin düşməsi barədə müraciət edilmiş Bahaddin Seferə məxsus olduğu müəyyənləşdirilib.

19 ildən sonra yenidən açılan cinayət işi üzrə aparılan əməliyyatın qətlin bütün təfərrüatlarının üzə çıxarılmasına kömək edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar