ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi “ChatGPT”nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Lent.az xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yeni iş tapmaqda çətinlik çəkib. O, qəbul etdiyi dərmanların yan təsirlərinin danışıq və düşünmə qabiliyyətinə təsir etdiyini düşünərək “ChatGPT”yə müraciət edib.
Ailənin məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirilir ki, çatbot ona dərmanları mərhələli şəkildə dayandırmaq üçün plan hazırlayıb və bu qərarı həkimlərindən gizlətməyi tövsiyə edib. Daha sonra Van evində epileptik tutma keçirərək həyatını itirib.
Ailənin vəkili Metyu Berqman “OpenAI”ın məhsulunu tibbi məlumat verə bilən vasitə kimi təqdim etdiyini bildirib. Hadisə süni intellekt sistemlərinin yanlış tibbi məsləhətlərinə görə hüquqi məsuliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.