Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə “QHT işi” üzrə təqsirləndirilən “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Hafiz Həsənovun 8 illik həbs cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Qeyd edək ki, bundan əvvəl dövlət ittihamçısı Hafiz Həsənovun 5 il sınaq müddəti müəyyən edilməklə 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Onun barəsində əvvəlcə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra həmin qətimkan tədbiri polis nəzarəti altına vermə ilə əvəz edilib.
Xatırladaq ki, Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb. İstintaq çərçivəsində bir sıra QHT-lərin, onların rəhbərlərinin, eləcə də xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətləri araşdırılıb.
Cinayət işi üzrə “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi” və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, həmçinin Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli də təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın məlumatına görə, Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.