Oktyabrın 13-ü saat 22 radələrində, Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, qəza nəticəsində avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır.
***
10:55
Gədəbəydə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Çanaqçı kəndi ərazisində qeydə alınıb.
37 yaşlı Ələkbərov Şükür Yapon oğlunun “VAZ 2107” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücünün sərnişini olan arvadı, 33 yaşlı Ələkbərova Səyyarə Əhliman qızı hadisə yerində ölüb. 10 yaşlı oğlu Əli isə xəsarət alıb.
Avtomobildə həmçinin ailənni 12 yaşlı qızı Əsli və 14 yaşlı qızı Əsmər də olub.
Faktla bağlı cinayət işi açılıb.