Son bir neçə onillikdə alimlər planetimizi təhdid edən iqlim böhranının fəlakətli nəticələrə gətirib çıxara biləcəyi barədə dəfələrlə xəbərdarlıq ediblər.
Lent.az "SciTechDaily"yə istinadən xəbər verir ki, mümkün ssenarilərdən biri də Yer kürəsindəki buzlaqların yox olmasıdır.
Tədqiqatın həmmüəllifi, Qrats Texniki Universitetinin Geodeziya İnstitutunun əməkdaşı Tobias Bolxun sözlərinə görə, o və həmkarları 2000 və 2020-ci illərdə çəkilmiş peyk görüntüləri əsasında buzlaq göllərinin xəritəsini hazırlamaq üçün süni intellektdən istifadə ediblər. Əldə olunan nəticələr isə ürəkaçan olmayıb.
İki onillik ərzində göllərə qədər uzanan buzlaqlarda illik buz itkisi orta hesabla 66 santimetr su ekvivalenti təşkil edib. Müqayisə üçün qeyd edək ki, quruda sona çatan buzlaqlarda bu göstərici 40 santimetr, dənizlərə qədər uzanan buzlaqlarda isə 36 santimetr olub.
2000-2020-ci illərdə dünyada buzlaqlarla birbaşa təmasda olan göllərin sayı təxminən 35% artıb. Bu artım mövcud buzlaqların vəziyyətinə də təsir göstərir. Belə ki, göllərin suyu buzlaqların aşağı hissələrinin əriməsinə, eləcə də buz parçalarının qoparaq suya düşməsinə səbəb ola bilər.
Son vaxtlaradək alimlər bu proseslərin Yer kürəsindəki buzlaqların azalmasına nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirməkdə çətinlik çəkirdilər.