Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bir qərar verərək artıq Kolumbiya millisində oynamayacağını açıqlayıb.

Milli komandanın formasını geyindiyi ilk gündən özünə vacib bir məqsəd qoyduğunu bildirən Rodriqes vida mesajında bu sözləri işlədib: "Milli komandaya qədəm qoyduğum ilk gündən ağlımda bir aydın fikir var idi: bir gün vidalaşanda bu formanı aldığım yerdən daha yüksək səviyyədə tərk etdiyimi hiss edəcəyəm.
Mən nəsə töhfə vermək, qalıcı iz qoymaq və Kolumbiyanın dünyanın istənilən komandası ilə üz-üzə rəqabət apara biləcəyinə inandırmaq istəyirdim. Bu gün geri baxanda hiss edirəm ki, buna nail olmuşam.
Bu, sadəcə mənim nailiyyətim deyildi; bu, fantastik bir nəslin, komanda yoldaşlarımın və yenidən böyük xəyallar qurmağa başlayan bütün bir ölkənin nəticəsi idi".
Xames Rodriqes Kolumbiya milli komandasında ümumilikdə 114 oyun keçirib və 28 qol vurub. Bu qərarla təcrübəli futbolçunun uzunmüddətli beynəlxalq karyerasına son qoyulub.