"Mərhumu kəndirlə boğdum, meyitini tunelə tulladıq" - 30 il əvvəl  qətl törədənlərin İŞİ
16 sentyabr 2026 14:40 (UTC +04:00)

"Mərhumu kəndirlə boğdum, meyitini tunelə tulladıq" - 30 il əvvəl qətl törədənlərin İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər - Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Şahin Cəlilov həmin vaxt - 1996-cı ildə Bakıda tikintidə işlədiyini deyib:

"Hidayətlə eyni kənddənik. Mən tikintidə işləyirdim, Hidayət də tikinti malları olan mağazada. Həmin gün Hidayətlə "Neftçilər" metrosu yaxınlığındakı kafedə oturaraq yeyib-içdik. İkimiz də sərxoş olduq. Məkandan çıxanda artıq qaranlıq düşmüşdü. Cavan idim, başım da dumanlı. Hidayətə dedim ki, gəl bir maşın aparaq. Hidayət gedib bir taksi tapdı. Mən onu metronun girişində gözlədim. O, taksi ilə yaxınlaşanda keçib arxa oturacaqda əyləşdim, yola düşdük. Yolda mərhumla xeyli söhbət elədik. Sezdirmədən idman geyimimin kəndirini çıxarıb qəfil sürücünün boğazına atdım, kəndir birinci ağzına keçdi. O, maşını saxladı və su içmək istədiyini dedi. Hidayət maşından düşdü, tapdığı balaca "Fanta" qabını götürüb yaxınlıqdakı sızan borudan su gətirməyə getdi.

O gedən kimi kəndiri sürücünün boğazına dolayıb onu boğdum. Hidayət qayıdanda köməkləşib meyiti beton tunelə tulladıq. Sonra maşını aparıb Hidayətin qardaşının qapısında qoyduq. Hidayətə dedim ki, o maşından heç nə istəmirəm, onu yox elə getsin. O, da gedib maşını doğratdırıb hissələri satdı. Ondan illər sonra da polislə bir problem yaşadım. 2015-ci ildə Şəmkirdə su idarəsində işləyirdim. Oğlum da yanımda idi. Boruda nasazlıq vardı, təmir işi gedirdi. Həmin vaxt yoldan bir ağsaqqal keçirdi, uşaq onunla məzələnib üstünə su atdı. Mən onun bu hərəkətinə əsəbiləşib üzərinə gedəndə qorxub qaçdı. Axşam oldu, evə qayıtdım. Mətbəxdə oturub heyva yeyirdim. Oğlum evə gələndə onu yaxalayıb bir neçə dəfə vurdum. Yoldaşım bunu görüb mənə sənin ata boynunu yerə soxum, uşağı niyə vurursan? dedi. Bu söz pisimə gəldi, əlimdəki bıçağı yoldaşıma sancdım. Vəziyyətinin pisləşdiyini görüb onu divana uzatdım. Yara dibinə kimi görünürdü, durum kritik idi. Xəstəxanaya getdik. Yoldaşım bir həftə xəstəxanada qaldı. Oğlum dayısına xəbər verdi. Onlar da iki polislə gəlib məni apardılar. Düz 37 gün polis bölməsində qaldım. Yoldaşım özü məni qurtardı, barışıq oldu aramızda".

Növbəti proses 14 oktyabr saat 15:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Bu il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar