“Altı dərs boş-boş oturduq. İki dərs müəllim yalandan danışdı, ona qulaq asdıq. Digər dörd dərs o qədər ürəyim sıxıldı ki, inana bilməzsiniz. Bir şəkildə idarə elədik, amma həqiqətən çox yorucu gün idi. Ümid edirəm ilin davamı belə olmaz, yoxsa, heç dözə bilmərəm”.
Bu sözləri dərsə gedəndə makiyaj videosu çəkən məktəbli qız danışır.
Dünən “Tiktok”da canlı açıb, qaynaq olunmuş uzun dırnaqlarını, sinif yoldaşının əlindəki elektron siqareti nümayiş etdirən də məktəbli idi.
Cəmi iki gündür dərslər açılıb, amma valideyn olan kəs uşağına üç aylıq tətildə övladına bir gün belə tərbiyə verməyib. Uşaqları qınamaq çox asandır, onları o mühitdə böyüdən adamlardadır günah. Müəllimi “boş-boş” danışan adlandıran şagirddən hansı tərbiyə, hansı gələcək gözləmək olar? “Uşaq evin güzgüsüdür”, sözünü boşuna deməyiblər ki? Ana ata nədirsə, uşaq da onun bir az oxşar formasıdır. Belə uşaq böyütmürlər. Uşağınız evdə makiyaj da edər, dırnaq da taxar, siqaret də çəkər, bu sizin valideyn olaraq öz probleminizdir. Amma təhsil müəssisəsini, oradakı dərs keçən insanları hörmətsiz vəziyyətə düşürməyə heç kimin ixtiyarı yoxdur.
Uşaq doğulan kimi ona sosial şəbəkə hesabı açanda, körpənin hər halını ora yükləyəndə fikirləşmək lazım idi ki, gələcəkdə bu uşaq “tiktok”er olacaq. Bu arada, video çəkmək, kontekt yaratmaq qətiyyən qınanılası deyil, amma ağzına gələni danışmaq və valideynin də bunu görə-görə susmağı əsl tərbiyəsizlikdir.
Öz uşağına yiyə dura bilməyən ata-analar bir hadisə olan kimi “daş atıb, başlarını tuturlar”, amanın bir günüdür, birdən kimsə uşağıma səsinin tonun qaldırar.
Mən başa düşmürəm axı uşaqları niyə belə böyüdürsünüz? Əlinizə nə keçir? Tərbiyə verə bilmədiyiniz canları niyə dünyaya gətirmək kimi bir lüksə sahib olduğunuzu düşünürsünüz? Bu gün müəllimin başına çıxardığınız uşaq elə bilirsiniz ki, gələcəkdə sizə qol-qanad olacaq? Sizi ata-ana yerinə qoyacaq? Heç üzünüzə də baxası deyil.
Azyaşlıları sosial şəbəkədən, telefondan uzaq tutun. Uşaq doğulan kimi onu ekranlara çıxarmayın. Hər şey bir yana, bəlkə gələcəkdə o uşaq sosiallaşmaq istəməyəcək, niyə onların hüquqlarını tapdalayırsınız?
Uşağınız yeniyetmə olanda icazə verməyin sosial şəbəkə kimi murdar girdaba daxil olsun, üzünü, bədənini göstərsin. Hər ağılda, hər əxlaqda insan var. Biri yaxşı baxırsa, digəri pis gözlə yanaşır. Uşağınız ağzına gələni (evində eşitdiklərini) danışanda onun gələcəyi məhv olur. Onlar dərk eləmirlər, düşünürlər ki, belə olanda “bomba oğlan”, “əla qız” olurlar, amma elə deyil axı, bunu görmürsünüz? Kimdir bu valideynlər? Kimdir müəllimi, məktəbi hörmətsiz vəziyyətə qoyan? Kimdir böyük-kiçiyi saymayan uşaq böyüdən? Kimdir “azadlıq” adı altında uşağının hər qələti eləməsinə şərait yaradan?