Azərbaycanlı futbolçu Türkiyə klubu ilə anlaşdı
23 yanvar 2016 12:05 (UTC +04:00)

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə anlaşdı

“Rəvan”dan ayrılan Fərid Quliyevin yeni komandasının adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək. Azərbaycan yığmasının sabiq üzvü Türkiyənin həvəskarlar liqasında çıxış edən “Yozqatspor 1959” klubu ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Quliyev cari mövsümün sonuna qədər Yozqat təmsilçisinin formasını geyinəcək.

 

Həvəskarlar liqasında çempion olaraq, 3-cü liqaya yüksəlməyi hədəfləyən “Yozqatspor”un rəsmisi Ahmet Akgün bu transferin komandaya faydalı olacağını bildirib: “Azarkeşlərimizə söz vermişik ki, çempion olub, yuxarı liqaya yüksələcəyik. Transferlərə xüsusi fikir veririk. Əvvəllər Azərbaycan yığmasında oynamış Fərid Quliyevlə müqavilə bağladıq. Onunla uzun müddət danışdıqdan sonra razılığa gələ bildik”.

 

Transferi ilə bağlı Türkiyə mətbuatına danışan Fərid özünü göstərmək üçün var gücü ilə çalışacağını deyib: “Az da olsa, şəhəri görmək imkanım oldu. Gözəl yerdi. İnşallah, komandaya faydalı olaram. Gördüyüm qədərilə, çempion olmaq istəyirlər. Bu yolda onlara kömək olmaq üçün əlimdən gələni edəcəm. İnşallah, mövsümün sonunda 3-cü liqaya vəsiqə qazanacağıq”.

 

Qeyd edək ki, Azərbaycan yığmasında 1 qol vurmuş Fərid Quliyev "Rəvan"dan əvvəl "Bakı”, “Qarabağ”, “Standard”, “Neftçi” və “Sumqayıt” klublarının da formasını geyinib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar