Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatında ilk medal günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilərin mübarizə apardığı həlledici görüşlərdə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınayıb.
Təəssüf ki, onlar ilk gündəki uğurun ardını gətirə bilməyiblər. 3 güləşçimiz finalda uduzub. Digər 1 idmançımız isə bürünc medal görüşündə məğlubiyyətə üzülüb.
57 kq-da 3-cü yer uğrunda qarşılaşmaya çıxan Nurəddin Novruzov Assiljan Yessengeldiya (Qazaxıstan) 6:12 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib.
Zirəddin Bayramov (65 kq) final qarşılaşmasında Şamil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Rəqib 4:1 hesabı ilə qələbə qazandığından idmançımız ikinci yeri tutub.
70 kq çəkidə gücünü yoxlayan Cəbrayıl Hacıyev qızıl medal üçün İrfan Elahini (İran) sınağa çəkib. Görüş həmyerlimiz üçün uğursuz alınıb. Elahi 6:5 hesabı ilə qalib gəldiyindən Hacıyev gümüş medalla kifayətlənib.
Əşrəf Aşırovun (79 kq) finaldakı rəqibi İran güləşçisi olub. Məhəmməd Noxodilarimi (İran) ilə qarşılaşan təmsilçimiz də xalçadan məğlub ayrılıb – 5:7.
Beləliklə, güləşçilərimiz günü 3 gümüş medalla bitiriblər.
Qeyd edək ki, sabah keçiriləcək medal görüşlərində daha 4 güləşçimiz 3-cü yer uğrunda yarışacaq.