Futbol tarixinə düşən  QIRMIZI   vərəqələr
28 iyun 2022 19:25 (UTC +04:00)

Futbol tarixinə düşən QIRMIZI vərəqələr

Qırmızı vərəqələr futbolun ayrılmaz hissəsidir və bu cəzalardan elələri də var ki, futbol tarixinə düşüb.

Apasport.az saytı ən qeyri-adi qırmızı vərəqələrin tarixçəsini təqdim edir.

Tərbiyəli “tərbiyəsiz”

“Ştutqart”ın futbolçusu Hansi Müller daim nümunəviliyi ilə seçilib. Nadir qayda pozuntusu edən almaniyalının sarı vərəqə alması belə təsadüfən olub. Mübahisə etməyən, kobud oynamayan yarımmüdafiəçinin meydandan qovulmasını gözləmək düzgün olmazdı.

Amma oyunların birində bu “intiligent” heç kimin gözləmədiyi halda hakimə yaxınlaşaraq onu söyüb. Qırmızı alan kimi də soyunub-geyinmə otağına qaçan futbolçu stadionu tərk edib.

Sonradan bəlli olub ki, həmin gün Müllerin toyu imiş və klub rəhbərliyi ona icazə verməyib. Qırmızı vərəqə onu nikah mərasiminə çatması üçün yeganə çıxış yolu olub.

Ən erkən qırmızı

Futbol tarixində oyun başlamadan qırmızı vərəqə alanlar da olub. Amma hakimin start fitindən sonra ən erkən cəza Li Toddun adına yazılıb.

İngiltərəli futbolçu matç başlayan anda mərkəz dairədə dayanıb. Lakin hakimin yaxınlığında dayanması və sanki bir az fikri yayınıq olması pis sonluqla nəticələnib. Referinin start fitini birdən və bərk çalması onun diksinməsinə səbəb olub. Bundan qəzəblənən Li hakimin üzərinə şığıyaraq onu söyməyə başlayıb. Futbolçunun sanki “a kişi, qulağım batdı ki” fikrini təhqiramiz şəkildə ifadə etməsi qırmızı vərəqə ilə başa çatıb.

Biznesmen qapıçı

Qrosso soyadlı italiyalı qapıçı oyunun gedişində hakimin gözünün zəif olduğunu görüb. O, mübahisəli epizodun birində referiyə eynək taxmağı tövsiyə edib. Bundan qəzəblənən ədalət təmsilçisi qolkiperi meydandan qovub.

Məsələni araşdıran İntizam Komitəsi və Hakimlər Komitəsi maraqlı faktları üzə çıxarıb. Aşkarlanıb ki, bizneslə məşğul olan Qrossonun eynək mağazası var, hakimin isə həqiqətən də gözündə problemin varlığı aşkarlanıb.

Qrossonun hakimə dedikləri təhqir deyil, peşəkar məsləhət kimi qəbul olunaraq qırmızı vərəqə və diskvalifikasiya ləğv edilib. Referi isə məhz onun mağazasından eynək alıb.

# 1938
avatar

Oxşar yazılar