Gənclər və İdman Nazirliyi ilə Vahid Nəzərov arasında görünməmiş qalmaqal
09 oktyabr 2009 10:00 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi ilə Vahid Nəzərov arasında görünməmiş qalmaqal

Vahid Nəzərov: Bunlar o qədər özlərini böyük adam sayırlar ki, qəbullarına girmək istəyəndə “Hara girirsən, hara soxulursan?” deyə vurub bayıra çıxarırlar”

İsmayıl İsmayılov: “Nəzərovun hərəkətləri Azərbaycan idmanına və məşqçilərinə ləkədir. İndi də şantaj edir, yalanlar danışır, tərbiyəsizlik edir. Sənin nə ixtiyarın var ki, tərbiyəsizcəsinə, icazəsiz içəri soxulursan?”


Agır atletika üzrə gənclərdən ibarət milli komandamız oktyabrın 11-də Polşanın Vladislavovo şəhərində start götürəcək Avropa çempionatında iştirak etməyəcək. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Vahid Nəzərov məlumat verib.

Onun sözlərinə görə, 8 gün davam edəcək yarışda öncədən Nailxan Nəbiyev (77 kq), Ziyad Durmuşov (85 kq) və Rövşən Fətullayevin (95 kq) iştirakı nəzərdə tutulsa da, səfər üçün viza problemi həll olunmayıb. V. Nəzərov bildirib ki, bu məsələdə Gənclər və İdman Nazirliyi öz üzərinə düşən vəzifəni yerinə yetirmək istəməyib: “Yarışda iştirakımızı təsdiqləməyimizə və biletlərin sifariş olunmasına baxmayaraq, viza açılmadığından, çempionatda iştirak edə bilməyəcəyik. Gənclər və İdman Nazirliyindən biri deyir ki, Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) məktub gətirin, digəri deyir ki, gözləyin, viza açılacaq. Oktyabrın 12-də çempionata yollanmalıyıq, amma nazirlikdən viza problemini səbəb göstərərək, çempionatda iştirakımıza şərait yaratmırlar”.

V. Nəzərov Gənclər və İdman Nazirliyi rəsmilərinin ünvanına sərt ittihamlar da səsləndirib: “Azad Rəhimov gənclər və idman naziri təyin olunandan sonra baş məşqçilər onun və müavinlərinin qəbuluna düşə bilmirlər. Dünən düz 1 saat 40 dəqiqə müddətində nazir müavini İsmayıl İsmayılovun qəbulunda oturdum. Qəbul etmədi. Bunlar o qədər özlərini böyük adam sayırlar ki, qəbullarına girmək istəyəndə “Hara girirsən, hara soxulursan?” deyə vurub bayıra çıxarırlar. Respublikanın əməkdar məşqçisi, əməkdar idman xadimiyəm. Təkcə mənimlə yox, bütün mütəxəssislərlə bu cür rəftar edirlər. Fikirlərimizi, problemlərimizi çatdıra bilmirik. Son 4-5 il ərzində mən nazirin qəbuluna cəmi bir dəfə düşmüşəm. Ondan aşağı məmurlar isə saatlarla qəbulda gözlətdirirlər. Düz 30 ildir məşqçi işləyirəm. Bunun 17 ili yığmanın baş məşqçisi olduğum dövrə təsadüf edib. Əvvəllər heç vaxt belə halla qarşılaşmamışam. 3 dəfə yay olimpiya oyunlarında iştirak etmişəm. Müstəqil Azərbaycana ilk dünya çempionu Nizami Paşayevi mən vermişəm”.

Komandasının imkanlarına arxayın olduğunu deyən V. Nəzərovun sözlərinə görə, atletlərimiz Avropa çempionatına yollansaydılar, Vətənə qızıl medalla qayıda bilərdilər.

Gənclər və idman nazirinin müavini, AAAF-ın baş katibi İsmayıl İsmayılov isə Lent.az-a açıqlamasında V. Nəzərovun açıqlamalarını əsassız sayıb. Onun sözlərinə görə, yığmamızın qitə birinciliyinə yollana bilməməsi heç də viza problemi ilə bağlı deyil. Sadəcə, AAAF rəhbərliyi və əsas millimizin baş məşqçisi Yanko Rusev gənclərdən ibarət yığmamızın Avropa çempionatında iştirakını məqsədəuyğun saymayıb: “Nazirliyimiz AAAF-a maliyyə baxımından daim dəstək olub və bu gün də köməyini əsirgəmir. Əsas yığmamıza bolqarıstanlı mütəxəssislər cəlb olunub, hazırda komandamız Bolqarıstanda təlim-məşq toplantısındadır. Heç bir idman növündən deyə bilməzlər ki, nazirliyimiz yarışlara viza və ezamiyyət məsələlərinin həllində maliyyə baxımından hansısa problem yaradıb. Gənclərdən ibarət yığmamıza gəldikdə, federasiyanın qərarı yoxdursa, nazirliyin komandanı harasa ezam etməyə ixtiyarı varmı? Deyir ki, bilet alınıb. AAAF rəhbərliyi qərar çıxarıb ki, gənclərdən ibarət yığmamız hazır olmadığı üçün Avropa çempionatına yollanmaları məqsədəuyğun hesab edilməsin. Bu halda onlara necə bilet alına bilər? Mənim nə ixtiyarım var ki, onu harasa yarışa göndərim? Viza problemi necə ortaya çıxa bilər ki, heç AAAF rəhbərliyi yığmanın yarışa yollanmasına razı deyil. Federasiyadan məktub gətirsin, göndərək yarışa”.

V. Nəzərovun Gənclər və İdman Nazirliyi rəsmilərinin qəbuluna düşə bilmədiyi haqda açıqlamasına isə İ. İsmayılovun münasibəti belə olub: “Gənclər və idman naziri də, onun müavinləri də siyasi rəhbərlərdir. Onlar respublikada gedən idman hərəkatına, idman problemlərinə cavabdeh insanlardırlar. Təbii ki, nazir və onun müavininin yanına gələndə əvvəlcədən məlumat verilməli və ya qəbula yazılmalıdır. Amma bu adam nə vaxt istəyir, qapını açaraq, içəri girir. Bir gün də mənə zəng etdi ki, gəlmək istəyirəm. Dedim ki, bu gün “Bədən Tərbiyəsi və İdman haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı Nazirlər Kabinetinin tapşırıqları var. Bununla bağlı müvafiq sənədlər hazırlanmalı və cənab nazirə məruzə olunmalıdır. Vaxt da azdır. İki gün ərzində bunları Nazirlər Kabinetinə göndərməliyik. Bir müddət sonra katibə mənə dedi ki, Vahid müəllim gəlmək istəyir. Mən də “Ona de ki, 2-3 saatdan sonra, yaxud sabah gəlsin, görüşək” söylədim. Bundan sonra bir də baxıram ki, Nəzərov qapını açıb, içəri girib. Deyir ki, sənə sözüm var. Dedim: “Axı bura sənin üçün haradır? Özbaşına, mənim icazəm olmadan otağıma təpilirsən. Kim sənə o səlahiyyəti verib? Sən gündə iki dəfə mənim yanıma gələn adamsan, nə problemin olubsa, biz həll etmişik. Bunları sənə görə yox, idmanın inkişafı naminə etmişik. İndi də tərbiyəsizcəsinə, icazəsiz içəri soxulursan? Səni mən çağırmışam?” Heç nazir müavini olmasın, adi bir işçi olsun. İcazəsiz onun otağına girməyə kimin nə ixtiyarı var? Bu məsələ ilə bağlı Vahid Nəzərov 10 dəfə mənim qəbulumda olub. Hər dəfə də ona demişəm ki, federasiya tərəfindən həmin yarışa idmançıların göndərilməsi məqsədəuyğun sayılmayıb”.

İ. İsmayılov V. Nəzərovun özünü AAAF-ın I vitse-prezidenti və gənclərdən ibarət millimizin baş məşqçisi kimi təqdim etməsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, AAAF-da I vitse-prezident vəzifəsi yoxdur. Eyni zamanda, V. Nəzərov gənclər yığmamızın baş məşqçisi kimi hələ təsdiqlənməyib: “AAAF-da prezident, vitse-prezident və baş katib vəzifələri var. I vitse-prezident vəzifəsi isə yoxdur. Bu da Nəzərovun həyasızlığıdır ki, özünü I vitse-prezident kimi təqdim edir. Onu kim bu vəzifəyə təqdim edib? Həm də Vahid Nəzərov hələ kollegiyanın qərarı ilə baş məşqçi kimi təsdiqlənməyib. Federasiya təqdimat verməlidir ki, təsdiqləyək. Bu gün o, gənclər yığmamızın baş məşqçisi deyil. O hələ baş məşqçi vəzifəsinə təyin olunmayıb. Belə bir fikrimiz var. Təyin etsək, o, belə işləyəcək?”


V.Nəzərovun hərəkətlərini Azərbaycan idmanına və məşqçilərinə ləkə adlandıran nazirlik rəsmisi onun şantajla məşğul olduğunu bildirib: “Nəzərov 3 olimpiadada iştirak etdiyini deyir. Həmin olimpiadalarda nə edib? Bəlkə olimpiya çempionu və ya mükafatçısı yetişdirib? İdmançılar nə nəticə göstəriblərsə, öz şəxsi məşqçilərinin əməyi sayəsində nail olublar. Hansı idmançını özü hazırlayıb? Sadaladığı idmançıların hamısı onun yox, kimlərinsə yetirmələridir. Onun nə Nizami Paşayevə, nə də digər idmançılara aidiyyatı var. O, hələ heç nə etməyib. Heç olimpiya çempionu verən insanlar xidmətlərini sadalamırlar. O, fəxri adların hamısını həyasızlıqla alıb. Nəzərovun hərəkətləri Azərbaycan idmanına və məşqçilərinə ləkədir. İndi də şantaj edir, yalanlar danışır, tərbiyəsizlik edir. Vahid bu gününə görə mənə qurban olsun. Mən ona həmişə arxa durmuşam. Budur onun “sağ ol”u mənə? Budur onun münasibəti bizim nazirliyə? 1998-ci ildən indiyədək onun rəhbərlik etdiyi komandanı bütün təlim-məşq toplantılarına göndərmişəm. Budur onun “sağ ol”u bizə? Vahid Nəzərovun rəhbərlik etdiyi yığmanın hazırlıq prosesinə 300 min manat vəsait xərclənib. Budur onun “sağ ol”u? Onların hazırlığı üçün 25 dənə müasir “Eleiko” markalı ştanqlar alınıb və Təhsil İdman Mərkəzinə və regionlarımıza verilib. Budur onun “sağ ol”u? Ağır atletika və digər növlərimizin inkişafı üçün təmənnasız işlər görürük. Budur onların “sağ ol”u? Heç kimin haqqı yoxdur ki, nazirin və mənim onlara problemlər yaratdığımızı desin. Vahid Nəzərov digər məşqçilər adından danışmasın. Heç bir məşqçi və idmançı deyə bilməz ki, nazirin və ya onun müavininin qəbuluna getmişik, amma qəbul etməyiblər. Ayıb deyil Vahid Nəzərova? Ağır atletika yığmamıza hansı məşqçini gətirmişik, başlayıb problemlər yaratmağa. Yaxşı məşqçisənsə, başını aşağı sal, işini gör. Sənin başqaları ilə nə işin var? Savaddan danışır. Oturt onu, əlinə kağız ver, de ki, bir səhifə yazı yaz. Bir səhifədə 200 səhv buraxacaq. Məşqçilikdən danışır. Soruş ki, məşqçilik nədir? Məşqçilik sözünün hərfi mənasını bilməyəcək”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar